Xəbərlər
AzMİU İstanbulda beynəlxalq təhsil sərgisində təmsil olunub
22-24 mart tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti bu günlərdə İstanbul şəhərində Avrasiya Universitetlər Birliyinin (EURAS) təşkilatçılığı ilə keçirilən Beynəlxalq Təhsil Zirvəsi və Təhsil sərgisində təmsil olunub. Türk Universitetlər Birliyinin dəstəyi ilə təşkil olunmuş stend pavilionunda Qırğızıstan Beynəlxalq Universiteti, Əhməd Yasəvi Universiteti, Qırğız-Türk Manas Universiteti və Turkik Konsulluğu ilə birlikdə AzMİU da iştirak edib. Sərgiyə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Xəzər Universiteti, Odlar Yurdu Universitetinin əməkdaşları, həmçinin, bir neçə təhsil sahəsində fəaliyyət göstərən şirkətlər də öz stendləri ilə qatılıblar. Sözügedən tədbir üç gün İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində davam edib. Azərbaycandan başqa sərgidə Türkiyə, ABŞ, Fransa, İngiltərə, İsveçrə, Macarıstan, Çexiya, Bolqarıstan, Braziliya, İspaniya, İran, Şimali Kipr Türk Respublikası, Çin və Qətər daxil olmaqla ümumilikdə 2000-dən çox nümayəndə ilə 53 ölkədən ali təhsil müəssisəsi və təhsil agentlikləri iştirak edib.
Sərgidə AzMİU-nun stendində universitetin Beynəlxalq proqramlar və layihələr sektorunun müdiri Arif Nəcimov sərgi iştirakçılarına universitetin təhsil xidmətləri, beynəlxalq əlaqələri, ikili diplom proqramları haqqında ətraflı məlumat verib, təhsil imkanlarının əks olunduğu müvafiq broşur və məlumat kitabçaları sərgi iştirakçılarına təqdim olunub. A.Nəcimov sərgidə təşkil olunan bəzi panel müzakirələrdə də aktiv iştirak edib, yeni tərəfdaşlarla fərdi və işgüzar müzakirələr aparıb, beynəlxalq əməkdaşlığın qurulması və birgə fəaliyyətə başlaması istiqamətində ilkin razılıqlar əldə olunub.
Açılış mərasimində Avrasiya Universitetlər Birliyinin rəhbəri və İstanbul Aydın Universitetinin rektoru Mustafa Aydın, Türkiyənin təhsil naziri  İsmət Yılmaz, Şimali Kipr Türk Respublikasının təhsil naziri Özdəmir Berov, UNESCO-nun Baş Katibliyinə namizəd Hamad Bin Abdulaziz Al-Kavari və Qətərin sabiq mədəniyyət naziri və başqaları çıxış ediblər. 

2017-03-28 16:15:05