İKİLİ DİPLOM PROQRAMLARI - Hal-hazırda birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. İkili diplom (üçlü və s.) –birgə inteqrasiya olunmuş təhsil proqramını həyata keçirən iki və daha çox universitet tərəfindən rəsmi şəkildə verilən iki və ya daha çox milli diplomdur.
İkili diplomlar universitetə nə verir?
  • rəqabət qabiliyyətini artırır;
  • Tədris proqramlarının beynəlmiləlləşməsi, ali təhsil müəssisəsinin Ümumavropa məkanına daxil olması;
  • Tədris proqramlarının təkmilləşdirilməsi və keyfiyyətinin təmin olunması;
  • Metodik və araşdırma fəaliyyətinin keyfiyyətinin artırılması;
  • Universitetdə infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi;
  • Rəhbər və müəllimlərin yeni bacarıqları;
  • Tədrisin keyfiyyətinin yüksəldilməsi;
  • Boloniya prosesindən irəli gələn dəyişikliklərin təcrübədə qavranılması.
Avropa Birliyinin birgə diplomların tanınması (qəbul edilməsi) ilə bağlı tövsiyələrində qeyd olunur ki, birgə diplom ikidən az olmayan universitet və ya universitet ilə universitetlər tərəfindən və ya digər müəssisələrin yardımı ilə hazırlanan və /və ya həyata keçirilən təhsil proqramı əsasında fəaliyyət göstərən digər müəssisə tərəfindən verilən birgə diplom kimi başa düşülməlidir. 

1) 2011-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İstanbul Texniki Universiteti arasında inşaat mühəndisliyi ixtisası üzrə bakalavr pilləsi üçün ikili diplom protokolu əldə olunmuşdur. Əldə olunan ikitərəfli protokola (2+2) əsasən, müvafiq TOEFL və ya İELTS dərəcəsinə malik Azərbaycan vətəndaşlığı olan tələbənin ilk 2 tədris ilini AzMİU-da, növbəti son 2 ilini isə İTU-da oxuması nəzərdə tutulmuşdur.  

2) 2013-cü ilin mart ayında AzMİU ilə İngiltərənin Northampton Universiteti arasında “Urbanizm” və “Tullantıların menecmenti” ixtisasları üzrə ikili magistr diplom proqramının icrası üçün əməkdaşlıq müqaviləsi imzalanmışdır. Proqrama əsasən, uyğun ixtisaslar üzrə magistratura pilləsinin I kursunu bitirən və müvafiq TOEFL və İELTS dərəcəsi olan tələbələrimiz təhsillərini Northampton Universitetində davam etdirmək imkanı əldə edə bilərlər. 

3) 2013-2016-cı illəri əhatə edən və Portuqaliyanın Lissabon Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən “RETHINK - Beynəlxalq məlumat mübadiləsi vasitəsilə təhsil islahatı” (544178-TEMPUS-1-2013-1-PT-TEMPUS-JPCR)TEMPUS layihəsinin nəticəsi olaraq 2016-cı ildən etibarən Portuqaliyanın Lissabon Texniki Universiteti ilə memarlıq ixtisası üzrə, İspaniyanın Koruna Universiteti  (http://azmiu.edu.az/pages/getPage?is_category=0&id=1333&p=test_ve_tedqiqadlar) ilə ekologiya mühəndisliyi ixtisası, Portuqaliyanın Leiria Politexnik İnstitutu  (http://azmiu.edu.az/pages/getPage?is_category=0&id=1329&p=test_ve_tedqiqadlar) ilə isə inşaat mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramları həyata keçiriləcək.