20 yanvar faciəsi
      Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Sovet dövlətinin hərb maşınının həmin gün həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qaldı. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
      20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

      1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə gözü dönmüş Sovet tankları Bakıya yeridildi. Sovet qoşunları Bakıda silahsız mülki vətəndaşlara qarşı hücuma keçməzdən əvvəl o dövrdə yeganə telekanal olan Azərbaycan Dövlət Televiziyasının enerji blokunu partlatdı. Xalqı televiziyasız qoyan, informasiyadan uzaq tutan mənfur ordu ən müasir silahlardan istifadə edərək dinc, əliyalın əhaliyə divan tutdu. Həmin gecədə əliyalın, silahsız insanlar Sovet tanklarına meydan oxudular, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda sinələrini siper edərək tanklar qarşısına çıxdılar. Meydanlara axışan, dünyadan xəbərsiz, Sovet ordusunun qüdrətinə, dinc insanlara atəş atmayacaqları yalanına inanan onlarla insan qətlə yetirildi, yaralandı, şikəst oldu. Beləliklə, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq səlnaməsinə daha bir parlaq səhifə yazdı, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirdilər. Faciədən sonrakı tarixi proseslər xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi.
      Xalqımız milli qəhrəmanlıq ənənələrinə sadiq qalaraq Vətən uğrunda şəhid vermək qüdrətinin olduğunu bir daha bütün dünyaya göstərdi. Həmin gecə qətliamın qarşısını almaq, ədalətsizliyə etiraz etmək üçün neçə-neçə mərd oğul və qızlarımız gözü dönmüş Sovet qoşununa qarşı gələrək düşmən gülləsinin qurbanı oldu. Belə vətənpərvər, qeyrətli oğullar arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin 4 tələbəsi də var idi. Gəlin onları tanıyaq.
Bizim şəhidlər
Babayev Fuad Yavər oğlu    
   
Babayev Fuad Yavər oğlu - 14 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub, Bakı şəhəri 54 saylı orta məktəbi bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Tikinti-iqtisad fakültəsinə daxil olub. 1985-1987- ci illərdə Çexoslovakiyada hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vuraraq instituta qayıdan Fuad Babayev təhsilini yenidən davam etdirib. İnstitutda təhsil aldığı müddət ərzində intizamlı, savadlı və vətənpərvər gənc kimi digər tələbələrdən fərqlənib. Qanlı yanvar gecəsi institutun hələ IV-cü kursunda təhsil alan Fuad Babayev “azadlıq” qışqıran izdihamın üzərinə tanklarla gələn Sovet qoşunlarına qarşı sinəsini sipər edir. Bakının keçmiş XI Qızıl Ordu meydanına toplaşan kütləni sovet əsgərləri gülləbarana tutur. Kütləyə qarşı yönələn bu amansız addım nəticəsində atılan güllələrdən bir neçəsi Fuad Babayevə tuş gəlir və o, həmin gecə şəhadət zirvəsinə yüksəlir. 2 gün sonra onun meyidi tapılaraq Şəhidlər Xiyabanında dəfn olunur.
Qayıbov Ələsgər Yusif oğlu       
Qayıbov Ələsgər Yusif oğlu - 15 mart 1966-cı ildə Gürcüstan Respublikası Borçalı mahalının Qaraçöp kəndində
anadan olub.1983-cü ildə orta məktəbi bitirib, hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1988-ci ildə AzİMİ-nin Yol-inşaat fakültəsinə qəbul olub. 20 Yanvar hadisələri baş verəndə gənc Ələsgər universitetin II-ci kursunda təhsil alırdı. Millətimizə qarşı yönələn bu amansız qətliamın qarşısını almaq üçün o da yaşıdları kimi meydanlara atılmışdı. Həmin gecə Ələsgər Qayıbov Sovet qoşununun atdığı güllələrə tuş gələn yaralıların xəstəxanalara çatdırılmasında yaxından köməklik göstərirdi. Lakin gecənin amansız təlatümündə nakam tələbəmiz xalqımızın azadlıq əzminin məhv olmasına yönəlmiş ədalətsizliyin qurbanı oldu, amansız güllələrə tuş gəldi.



Əliyev Bayram Mədət oğlu
      Əliyev Bayram Mədət oğlu -1950-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıldaş kəndində anadan olub. İlməzli orta məktəbini bitirdikdən sonra Bakıya gəlib sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verib . İnstitutu bitirdikdən sonra Bayram 1990-cı ildə ali təhsilli gənc kimi Ev tikmə kombinatında iş icraçısı vəzifəsində çalışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hamı kimi o da meydanlarda idi. Həmin gecədə o da digər şəhidlərimiz kimi baş verən qəddarlığın qurbanı oldu və Sovet silahlarından atılan güllələrə tuş gələrək, şəhidlik zirvəsinə yüksəldi. Bayram 20 yanvar şəhidləri kimi Şəhidlər Xiyabanında dəfn olunub.



Muradov Mehman Əsəd oğlu       
Muradov Mehman Əsəd oğlu -1961-ci ildə Göyçay rayonunda anadan olub, 3 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun Sənaye və mülkü tikintisi fakültəsinə daxil olub. Təhsilini yarımçıq dayandıraraq 1979-cu ildən 1981-ci ilədək hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirib.1987-ci ildə Mehman Muradov institutu bitirərək işləməyə başlayıb. 1990-cı ilin yanvar hadisələrində vətənpərvər gənc olaraq o da meydanlarda haqq səsini ucaldır,Sovet ordusunun dinc insanlara qarşı yönəltdiyi güllə yağışına tuş gəlir. Azadlığa gedən yolda şəhadət zirvəsinə yüksələn Mehman Göyçay rayonunda dəfn olunur.
      Hər il yanvarın 20-də ölkə başçısı İlham Əliyev, dövlət orqanlarının, yerli və xarici təşkilatların əməkdaşları, xalqımız Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur, şəhidlərimizin xatirəsini ehtiramla yad edillər.
      1991-ci il yanvarın 19-da isə ilk dəfə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun şəhid tələbələri Fuad Babayev və Ələsgər Qayıbovun institutda şəkillərindən ibarət xatirə lövhəsi yaradıldı. Daha sonra azadlıq mübarizəsinin şanlı səhifələri Qarabağ müharibəsinin qanlı qadalı illərinə şahidlik etdi. İnstitutun vətənpərvər, mərd gəncləri təhsillərini yarıda qoyaraq müharibəyə yollandılar. Ağır keçən o dövrlərdə institut neçə-neçə şəhid tələbələrinin xəbərlərini aldı.
      Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə universitetin şəhid tələbə və məzunlarının xatirələrini əbədiləşdirmək məqsədi ilə universitetin əsas korpusunun birinci mərtəbəsində “Qəhrəmanlar güşəsi” yenidən qurulmuşdur.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb

AzMIU-nun əcnəbi tələbələri Şəhidlər Xiyabanını ziyarət ediblər