Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Politexnik İnstitutunun nəzdində mühəndis-tikinti fakültəsiylə fəaliyyətə başlayıb. Müxtəlif illərdə Bakı Politexnik, Azərbaycan Neft, sonralar Azərbaycan Sənaye İnstitutunda inşaat mütəxəssisləri hazırlanıb. 1932-34-cü illərdə mühəndis-inşaat fakültəsinin bazasında müstəqil İnşaat İnstitutu yaradılıb. 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində "İnşaat" fakültəsi kimi tanınıb. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar memarlıq, inşaat, hidromeliorasiya və nəqliyyat fakültələri oraya köçürülüb. 1975-ci ildə ölkəmizə rəhbərlik etmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü, Azərbaycan SSR  Nazirlər Sovetinin qərariyla Azərbaycan Politexnik İnstitutunun Memarlıq, İnşaat, Hidromeliorasiya və Nəqliyyat fakültələrinin bazasında Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) təsis edilib. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.
Hazırda ümumi sahəsi 49.000m2  olan Universitet 5 tədris korpusunda yerləşən 8 fakültə,  İnşaat Kolleci və texniki təmayüllü  Liseydən ibarətdir. Universitetdə 7036 tələbə təhsil alır, xarici vətəndaşların təhsili fakültəsində 14 ölkədən 620 nəfər tələbə oxuyur , tədris 3 dildə - azərbaycan, rus və ingilis dillərində aparılır.