Təhsildə Keyfiyyətə Nəzarət

“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” Azərbaycanda keyfiyyət nəticələrinə və əhatəliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması tədbirlərini nəzərdə tutur.
Strategiyada qeyd olunduğu kimi, təhsili effektiv və yüksək keyfiyyətdə təmin etmək üçün, təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəricələrinin yoxlanılması sistemi inkişaf etdirilməlidir. Təhsil və kadr hazırlığı prosesinə, həmçinin təhsilin məzmununun təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması vacibdir. İşəgötürənlər kadr hazırlığı prosesində iştirak etmək və hazırlanan kadra dair şərtlər irəli sürmək imkanına malik olmalı və buna müvafiq olaraq cavabdehliyini dərk etməlidir.
“Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”-nın strateji hədəflər və tədbirlər bölümünün 3.3 “Təhsilin keyfiyyətinin təminatı üzrə yeni sisteminin yaradılması”, 3.3.1 “Qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması bəndlərinə əsasən müvafiq hesabatların və hər ixtisas üçün ekspertizadan (akkreditasiyadan) keçmiş sənəd toplusunun rəhbərliyə və müvafiq idarələrə ötürülməsi zəruriyyəti yaranır.

Universitetdə tədrisdə keyfiyyətə nəzarətlə bağlı  2016-cı ildə Birləşmiş Krallığın Ali Təhsil üzrə Keyfiyyət Təminatı Agentliyində (QAA) Universitetimizin bir sıra əməkdaşları treninqlərdə iştirak etmişdir. Universitetdə mütəmadi olaraq daxili monitorinqlərin və təhlillərin aparılması eləcə də tədrisin keyfiyyətinə nəzarət məqsədi ilə 2017-ci ildə Strateji planlaşdırma şöbəsinin nəzdində "Keyfiyyətə nəzarət" qrupu yaradımışdır. 
Keyfiyyətə nəzarət qrupunun fəaliyyəti çərçivəsində müvafiq fakültələrdən lazımi sənədlər yığılaraq yaradılmış ekspert qrupuna təqdim edilmişdir. Qrupun fəaliyyət planına uyğun olaraq ardıcıl şəkildə daxili nəzarət prosesinin davam etdirilməsi planlaşdırılır.