Ulu öndərin xatirə günü ərəfəsində-2013-cü il dekabrın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Heydər Əliyev Muzeyinin açılışı olmuşdur. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iştirak etmişdir. Muzeyin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra o, burada yaradılmış ekspozisiya ilə tanış oldu. Dahi rəhbərin həyat və fəaliyyətini, onun xalqımıza yadigar qoyduğu zəngin irsi əks etdirən video materiallara baxdı. O, bu muzeyin forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçildiyini razılıqla bildirdi. Diqqətə çatdırılmışdır ki, ümummilli liderin xatirəsinə dərin ehtiramın ifadəsi olan yeni yaradılmış bu muzeydə toplanan sənədlər, ulu öndərin memarlıq və inşaat istiqamətlərinə həsr olunmuş layihələr, foto və video materiallar elektron vasitəsi ilə təqdim olunacaqdır.
          Muzeyin açılışında diqqətə çatdırıldı ki, burada 4 ədəd interaktiv monitor qurulmuşdur. Bu monitorlarda əks olunmuş irimiqyaslı layihələrin əksəriyyətində Heydər Əliyev şəxsən özü iştirak etmişdir. Muzeyin tərtibatında ona görə interaktiv lövhələrdən istifadə olunmuşdur ki, yeni layihələr daim bu lövhələrdə öz   əksini tapsın.
Monitorlar dövrlərə görə 4 yerə bölünür: Sovet dövrü, müstəqilliyin ilk dövrü, müasir dövr və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş layihələr (Flame Towers, Heydər Əliyev Mərkəzi, Crystall Hall, Ağ şəhər və s.).
           Cənab nazir Mikayıl Cabbarov universitetimizdə yaradılmış Heydər Əliyev Muzeyinin təşkilindən və onun tərtibatından razı qaldığını bildirmiş və bu muzeyin burada təhsil alan tələbə gənclərin ulu öndərin zəngin irsinin öyrənilməsi baxımından mühüm rol oynayacağını vurğulamışdır.
          Onu da qeyd edək ki, 1 il öncə muzeyin hazırlıq dövründə sovet memarlığında modernizmi tədqiq edən Vyana Memarlıq Mərkəzinin əməkdaşları universitetimizdə olmuş və öz tədqiqatları üçün Heydər Əliyevin sovet dövründəki memarlıq və inşaat fəaliyyəti barədə materiallardan istifadə etmişdilər. Bu materiallar daha sonra Vyana Memarlıq Mərkəzinin nəşr etdirdiyi kitabda da öz əksini tapmışdır.