Elanlar
Xəbərlər
AzMİU-nun professor-müəllim heyəti arasında “2016-2017-сi İLLƏRİN ƏN YAXŞI MƏQALƏSİ” müsabiqəsinin keçirilməsi haqqında elan
2017-10-13 16:29:55
22.12.17-ci il tarixində Universitetimizdə fəal çalışan alimlərin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi ilə 2017-ci ildə dərc olunmuş ən yaxşı elmi məqalələrin qiymətləndirilməsi və mükafatlandırılması nəzərdə tutulur. Qaliblərə universitet və HOLCİM şirkəti tərəfindən pul mükafatları və diplomlar təqdim ediləcək. Qaliblərin seçimi prosesində Universitet rəhbərliyi, Elmi-tədqiqat şöbəsi və dəvət olunan müstəqil ekspertlər iştirak edəcək. Müsabiqədə YALNIZ nüfuzlu bazalara (Thomson Reuters, Springer, Scopus, РИНЦ, EBSCO) daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə baxılacaq. Qaliblərin seçimi zamanı Science Citation İndex-li jurnallarda dərc olunmuş məqalələrə üstünlük veriləcək. Müsabiqədə iştirak etmək üçün aşağıdakı əsas tələblər ödənilməlidir:
· Müsabiqədə yalnız əsas iş yeri AzMİU olan əməkdaşlar iştirak edə bilərlər (təqdim olunan məqalədə tədqiqat aparılan müəssisə kimi AzMİU göstərilmək şərti ilə);
· Elmi işin əsli (orijinalı) Elmi-tədqiqat şöbəsinə təqdim olunmalıdır;
· Elmi işin nəşr olunma tarixi: yanvar 2016-cı il – dekabr 2017-ci il arasında olmalıdır;
· Elmi iş müəlliflər qrupu tərəfindən yerinə yetirilibsə, hər müəllifin bu elmi işin müsabiqədə iştirakına dair yazılı razılığı olmalıdır (forma üçün Elmi-tədqiqat şöbəsinə müraciət edə bilərsiniz);
· Elmi işlə bağlı internet linkləri (web səhifələr, nəşriyyat, istinadlar və s.) elmi_tədqiqat@azmiu.edu.az elektron ünvanına göndərilməlidir; · Müsabiqəyə hər əməkdaş yalnız bir iş təqdim edə bilər;
· Müsabiqəyə sənədlərin təqdimi bir müəllif/həm-müəllif tərəfindən həyata keçirilə bilər;
· Müsabiqəyə tezis, konfrans materiallarında çap olunmuş işlər qəbul edilmir;
· Qaliblərin seçimi zamanı tətbiqi xarakterli, istinad olunmuş (müəllif(lər)in özünə istinadı istisna olmaqla) elmi işlərə üstünlük veriləcək;
· Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar dekabrın 10-dək qəbul ediləcək. Nəzərdə tutulmuş müddət ərzində sənədlərin qəbuluna aid suallarla Elmi-tədqiqat şöbəsinə müraciət edə bilərsiniz (I korpus, 308 nömrəli otaq).
Əlaqə telefonu: (012) 539-10-45 (daxili 6-32).






Faydalı keçidlər
Elanlar