Azərbaycan Memarlıq və İnşaat Universiteti
                  haqqında qısa məlumat                       

Azərbaycan Memarlıq və İnşaat Universiteti Bakı şəhərində yerləşir.  Tədris azərbaycan, rus və ingilis dillərində aparılır. Əsası 1975-ci ildə qoyulmuş univesitetin ümumi sahəsi 49000m2  olan 5 tədris korpusu, tələbə şəhərciyi vardır. Şəhərcikdə xarici tələbələr üçün 9 mərtəbəli 1 yataqxana korpusu və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir. Universitetin nəzdində İnşaat Kolleci və texniki təmayüllü Lisey fəaliyyət göstərir.
 
Azərbaycan Memarlıq və İnşaat Universiteti 1920-ci ildə Bakı Politexnik Universitetinin tərkibində "İnşaat" fakültəsi, 1932-34-cü illərdə sərbəst İnşaat İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun tərkibində "İnşaat" fakültəsi kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Azərbaycan Politexnik İnstitutunun yaranması ilə əlaqədar "İnşaat" fakültəsi oraya köçürülmüşdür. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildən İnstitut Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır.