İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) tərəfindən təşkil olunmuş təcrübə proqramı uğurla başa çatıb
2017-09-13 11:55:09
       Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) tələbələri 17-31 iyul tarixlərində İstanbul Böyükşəhər Bələdiyyəsinin İstanbul Su və Kanalizasiya İdarəsində (İSKİ) təcrübə proqramında iştirak ediblər. Onu da qeyd edək ki, AzMİU ilə İSKİ arasında əməkdaşlıq uzun illərdir davam edir, tələbələrimiz hər il yay aylarında təcrübə proqramı çərçivəsində bu qurumda təcrübə keçir, nəzəri biliklərini praktikada möhkəmləndirirlər. Bu il də gerçəkləşən səfər çərçivəsində AzMİU-nun dosenti Aqşin Kərimov, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Könül Şirinovanın rəhbərliyi ilə bir qrup tələbə sözügedən qurumda təcrübə keçiblər.
      Təcrübənin ilk günü Türkiyənin müxtəlif universitetlərinin və AzMİU-nun tələbələri üçün İSKİ-nin tarixi, bu günü, hazırkı fəaliyyət istiqamətləri, qarşıda duran plan və layihələrlə bağlı tanıtım-təqdimat təşkil olunub. Təqdimatdan sonra tələbələr ixtisaslarına uyğun təcrübə keçmək üçün müxtəlif şöbələrə paylanılıblar.
      AzMİU-nun Tikinti-iqtisad fakültəsinin tələbələri Araştırma, Geliştirme ve planlama Dairesi Başkanlığında Strateji planlama şöbə müdirliyində strateji planın, performans proqramının, fəaliyyət hesabatının hazırlanması və izlənməsi, layihələrin idarə edilməsi ilə tanış olub, veri, toplama və raporlama-tasarım mövzularında təqdimatları dinləyiblər.
      Memarlıq, İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin tələbələri İSKİ tərəfindən həyata keçirilən Üst Yapı layihələri, Su inşaatı ilə maraqlanıblar, tikinti obyektlərini gəziblər, Ataköy Atıksu Arıtma (Çirkli suların təmizlənməsi) və içməli suyun təmizlənməsi təsisatlarında təcrübə keçib, suların təmizlənməsi prosesi ilə yaxından tanış olublar. Baş tutan texniki gəzintilərdə qurum tərəfindən həyata keçirilən və hazırda inşası davam edən inşaat obyektləri və qurğular haqqında tələbələrə ətraflı məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.
      İnşaat-texnologiya fakültəsinin tələbələri də fövqəladə halların idarə olunması, tikintidə istifadə olunan materiallar və onların sınanılması ilə bağlı analizlərin aparılmasında iştirak ediblər.
     Təcrübə proqramının ikinci həftəsində İkitelli İşməsuyu Arıtma Təsislərinə, İstanbul tarixi su bəndlərinə, Panorama 1453 muzeyinə, Miniatürk və Yerebatan Sarnıcına texniki gəzintilər həyata keçirilib.
     Təcrübə proqramının sonuncu günü İSKİ genel müdiri, müdir müavinləri, şöbə müdirləri və medianın iştirakı ilə sertifikat mərasimi baş tutub. Mərasimdə çıxış edən genel müdir Fatih Turan AzMİU ilə uzun illərdir həyata keçirilən yay təcrübə proqramının əhəmiyyətindən və bir türk milləti olaraq iki qardaş ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb, tələbələrimizə təhsildə və gələcək iş həyatında uğurlar arzulayıb. Universitetimizin adından çıxış edən Aqşin Kərimov AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın salamını çatdırıb və tələbələrimiz üçün yaradılmış şəraitə görə İSKİ rəhbərliyinə təşəkkürünü bildirib. Mərasim sertifikatların təqdim olunması ilə başa çatıb.
      P.S. Tələbələrimiz təcrübi biliklərinin və dünyagörüşünün artmasında əvəzsiz əhəmiyyət daşıyan İSKİ - yay təcrübə proqramının təşkilində dəstəyinə görə universitet rəhbərliyinə dərin minnəttarlığını bildirir.