AzMİU-da görkəmli memar Davud Axundovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
2018-02-14 16:04:56
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın görkəmli memarı, memarlıq doktoru, professor Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Respublika Dövlət Mükafatı laureatı Davud Axundovun anadan olmasının 100  illiyinə həsr edilmiş “Memarlıq irsinin tədqiqi və mühafizəsi” adlı elmi - praktiki konfrans keçirilib. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə ərsəyə gələn konfransda başqa ölkələrdən gələn qonaqlar da iştirak edib. Konfransda Qafqaz Albaniyasının memarlıq irsi, Azərbaycanın memarlıq abidələrinin tədqiqi və qorunmasının aktual problemləri, memarlıq abidələrinin müasir şəraitdə istifadəsi və s. məsələlər müzakirə olunub. Konfrans iştirakçıları əvvəlcə D.Axundovun Memarlıq fakültəsinin foyesində hazırlanmış layihələrindən, elmi araşdırmalarından, kitablarından ibarət sərgiylə tanış olublar. 
         Konfransı giriş nitqiylə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayıb. Rektor Davud Axundovun həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli alimin həyat yoluna nəzər salıb. O qeyd edib ki, Davud Axundov 1918-ci ilin elə bu günündə Bakı şəhərində Azərbaycanın ilk diplomlu elektrik-mühəndisi olmuş, Belçika Lyej Kral Universitetini bitirmiş ziyalı Ağa Axundovun ailəsində anadan olmuşdur. Davud Ağa oğlu orta məktəbi bitirdikdən sonra 1937-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə daxil olmuş, 1942-ci ildən etibarən layihəçi-memar kimi yaradıçılıq fəaliyyətinə başlamışdır. O, layihələrinin əsas hissəsini 1949-1963-cü illərdə “Xəzərdəniz” elmi-tədqiqat layihə institutunda çalışdığı dövrdə işləyib-hazırlamış, həmin dövrdə nəinki Azərbaycanda, eyni zamanda digər respublikalarda tikilmiş  bir sıra yaşayış evlərinin, sənaye və ictimai binaların layihələrini həyata keçirmişdir. D.Axundov bir memar kimi yüzdən artıq layihə işləyib hazırlamış, onlardan 82-ni reallaşdıra bilmişdir.  
         “Bir layihəçi kimi çalışmaqla yanaşı, o, eyni zamanda Azərbaycanın memarlıq irsinin tədqiqi ilə məşğul olmuşdur. Azərbaycanın qədim və ilk orta əsrlər dövrü memarlıq tarixinə həsr olunmuş elmi əsərləri respublika memarlıq elminin inkişafına  böyük töhfədir. Davud müəllim memarlıq abidələrinin rekonstruksiyası üzrə 86 layihənin müəllifidir. Azərbaycanın qədim və ilk orta əsrlər dövr memarlığının ilk tədqiqatçısı  olmuş D.A.Axundov özünün rəhbərliyi altında işləyən və geniş elmi axtarışlar aparan almilər məktəbi yaratmışdır. Onun rəhbərliyi altında 18 fəlsəfə, 1 memarlıq elmləri doktoru yetişdirilib. D.Axundov 1988-ci ildən ömrünün sonunadək AzMİU-da doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisasdırılmış şuranın sədri olub”.
         Görkəmli alimin elmi və pedaqoji fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd edən G.Məmmədova bildirib ki, D.Axundova 1982-ci ildə  “Azərbaycan SSR-in əməkdar ali məktəb işçisi” fəxri adı verilib, “Azərbaycanın qədim  və erkən orta əslər dövrü memarlığ” adlı akademik monoqrafiyası 1990-ci ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. D.Axundov 1992-ci ildə  Beynəlxalq Şərq ölkələri memarlıq akademiyasının həqiqi üzvü seçilib, 2000-ci ildə “Şərəf”  ordeni ilə təltif edilib, 2002-ci ildə respublika prezidentinin fərmanı ilə prezident təqaüdünə layiq görülüb.
         Rektorun geniş və əhatəli çıxışından sonra söz digər çıxışçılara verilib. Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin sədri, professor Elbay Qasımzadə, Mədəniyyət və Turizm nazirinin müavini, professor Sevda Məmmədəliyeva, AMEA Memarlıq və İncəsənət İnstitunun direktoru, professor Ərtegin Salamzadə, Rəssamlar ittifaqının sədri Fərhad Xəlilov, Daşkənd Memarlıq və İnşaat Universitetinin professoru Muhammed Əhmədov çıxış edib, Davud Axundov haqqında xatirələr söyləyiblər, xoş sözlər səsləndiriblər. Çıxışlardan sonra alimin ailə üzvləri adından oğlu Cəmil Axundov çıxış edərək atasının xatirəsini ehtiramla anan Universitet rəhbərliyinə, konfransın təşkilatçılarına minnətdarlığını bildirib.
           Konfrans öz işini bölmə iclasında davam etdirib.