AzMİU Türkiyənin Orta Doğu Texnik Universiteti və Bilkənt Universiteti ilə əməkdaşlığı genişləndirir
2018-02-13 15:49:39
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor  Gülçöhrə Məmmədovanın rəhbərliyi altında  universitetin əməkdaşlarından ibarət heyət fevralın 7-dən 10-na kimi Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində ezamiyyətdə olublar.
             Rektorun rəhbərliyi altında  ezamiyyətdə olan nümayəndə heyətində AzMİU-nun Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Magistatura şöbəsinin müdiri Rövşən Səmədov, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, Memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının dosenti Nərmin Yusifova, rektorun köməkçisi Orxan Naqdiyev iştirak edib.
              Türkiyənin  ən nüfuzlu ali təhsil ocaqlarından olan Orta Doğu Texnik Universitetində keçirilən görüşdə AzMİU-nun rektoru, professor G. Məmmədova Orta Doğu Texnik Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. AzMİU-nun rektoru həmçinin Türkiyənin Azərbaycandakı səfirliyində və Yüksek Öğretim Kurulunda (YÖK) görüşlərdə iştirak edib, universitetlə bağlı müzakirələr aparıb. 
          Bundan əlavə, rektorun rəhbərliyi ilə universitet əməkdaşları Türkiyənin daha bir böyük universiteti Bilkənt Universitetinin  rektoru  və Memarlıq fakültəsinin dekanı ilə görüşüb, universitetlə yaxından tanış olublar. Görüşdə AzMİU və Bilkənt Universiteti arasında gələcəkdə imzalanması nəzərdə tutulan əməkdaşlıq müqaviləsinin detalları ətraflı müzakirə olunub.  
            Nümayəndə heyətində yer alan Memarlıq fakültəsinin  əməkdaşları Orta Doğu Texnik Universitetində olduqları müddətdə universitetin ən qocaman Memarlıq fakültəsində olub, fakültənin dekanı, kafedra müdirləri ilə silsilə görüşlər keçiriblər. AzMİU-nun Magistatura şöbəsinin müdiri R.Səmmədov da universitetdə olduqları müddətdə  Orta Doğu Texnik Universitetinin mühəndis fakültəsinin dekanı, inşaat ixtisasının kafedra müdiri ilə görüş keçirib.