“Qış məktəbi”nin məzunlarına sertifikatlar verilib
2018-02-12 10:26:42
      Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) əcnəbi tələbələr üçün nəzərdə tutulmuş “Qış məktəbi”ni uğurla başa vuran Kuban Dövlət Universitetinin tələbələrinə sertifikatlar təqdim olunub.
      Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev layihənin ikinci ildir ki, universitetdə təşkil olundğunu və uğurla davam etdiyini deyiblər. “Qış məktəbi”nə Voronej və Tambov universitetlərindən sonra bu il ilk dəfə qatılan Kuban Dövlət Universitetinin tələbələrini də universitetdə görməkdən məmnun olduqlarını dilə gətiriblər. Rusiyanın ali təhsil müəssisələri ilə əməkdaşlıq və qarşılıqlı əlaqələri müsbət qiymətləndirən universitet rəsmiləri AzMİU, eləcə də ölkəmizlə yaxından tanışlığın qonaqlar üçün əhəmiyyətli olduğunu vurğulayıblar.
      Kuban Dövlət Universitetinin dekanı Svetlana Kaçatkova universitet rəhbərliyinə yaratdıqları şəraitə görə öz minnətdarlığını bildirib, universitetdə olduqları müddətdə tələbələrin Memarlıq fakültəsində keçirilən ixtisas dərslərinə böyük həvəslə qatıldıqlarını deyib. O, belə layihələrin davamlı olmasını arzulayıb, gələcəkdə AzMİU-nun da tələbələrini universitetlərində görmək istədiklərini vurğulayıb. Kuban Dövlət Universitetinin tələbələri də universiteti, eləcə də Azərbaycanı çox bəyəndiklərini, qədim və müasir memarlıq abidələrinin bir arada vəhdətinə heyran qaldıqlarını deyiblər. Universitetdə keçirilən ixtisas dərslərində Azərbaycan haqqında geniş informasiya əldə etdiklərini deyən tələbələr günün ikinci yarısında Bakının qədim və müasir memarlıq abidələri ilə yaxından tanışlıq məqsədilə keçirilən gəzintilərdən də danışıblar.
      Səmimi keçən görüşün sonunda tədris işləri üzrə prorektor A.Qasımov tərəfindən Kuban Dövlət Universitetinin 2 əməkdaşına və 11 tələbəsinə sertifikatlar təqdim olunub.