Azərbaycan Memarlıq və İnşaat Universitetində mediatur keçirilib
2018-01-11 16:06:59
                       Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin  payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə  mediatur təşkil edilib.
         Mediaturda Universitetin rəhbərliyi, millət vəkilləri - Aydın Mirzəzadə, Hikmət Babaoğlu, Aydın Hüseynov,  “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq qəzeti” nin baş redaktorunun müavini Afət Məmmədov, “525-ci qəzet”in  redaktoru Seyfəddin Hüseynli, Report.az  saytının baş redaktoru Murad Əliyev,  ictimai təşkilatların nümayəndələri  - Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev,  Əməkdar jurnalist, İctimai  Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət ,  YAP Gənclər Şurasının sədri, Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü Seymur Orucov, təhsil eksperti Kamran Əsədov  və KİV mənsubları iştirak edib.
            Tədbirdən əvvəl AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Mediaturun təşkilinin təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması ilə bağlı olduğunu deyən rektor bildirib ki, eyni zamanda  əsas məqsəd imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaqdır. Sonra rektor qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Rektor, imtahanlara hazırlıq məqsədi ilə universitetdə lazımi şərait yaradıldığını, tələbələr üçün məsləhət saatlarının keçirildiyini deyib.
           O, imtahanların şəffaf, normativ sənədlərə uyğun  test, yazılı və  qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada keçirildiyini qonaqların diqqətinə çatdırıb. G.Məmmədova bildirib ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən dərhal sonra kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır, həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin elektron portalında yerləşdirilir. Rektor, həmçinin imtahan sessiyasında şəffaflığı təmin etmək, neqativ hallara yol verilməsinin qarşısını almaq mqsədi ilə imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına da şərait yaradıldığını bildirib.
               Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir".
           
Sonra mediatur iştirakçıları universitetin bir neçə auditoriyasında imtahanların gedişini canlı izləyib, yazılı imtahanların şifrələnmə otağına olublar. Universitetin Qəbul Komissiyasının rəhbəri Surxay Əliyev yazılı keçən imtahanların  nəticələrinin yoxlanılması prosesi haqqında ətraflı məlumat verib.  Yazılı imtahan  işlərinin  şifrələnməsi, işlərin qiymətləndirilməsi və ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət işçi qrup formalaşdırıldığını da diqqətə çatdırıb.
         Eyni zamanda onlar Memarlıq fakültəsində qabiliyyət imtahanlarının gedişini izləyiblər, gənc memarların əl işlərindən ibarət sərgiyə də baxıblar.
        Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.