Memarlıq fakültəsində qabiliyyət imtahanları
2018-01-10 16:47:01
      Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qış imtahan sessiyası başlayıb. Tələbələr semestr boyu keçirilən dərslərin hər birindən yazılı, test və qabiliyyət imtahanları verirlər.
      Bu gün qabiliyyət imtahanı verən Memarlıq fakültəsinin tələbələrinin imtahan prossesində iştirak etdik. Nəzərə çatdıraq ki, Memarlıq fakültəsi universitetimizin ən qocaman fakültəsidir. Bu fakültədə tədris edilən ixtisaslar universitetin digər ixtisaslarından çox fərqlənir və imtahan prossesi də tam fəqli şəkildə aparılır. İlk olaraq dizayn ixtisasında təhsil alan 167a, 166a1, 166r qrup tələbələrinin rəsm fənnindən verdikləri imtahanda olduq. Tələbələr imtahan tapşırıqlarına uyğun olaraq qarşılarında yerləşdirilən müxtəlif həndəsi fiqurların təsvirlərini çəkirdilər.
      İmtahan prossesi fərqli olduğu kimi, onun yoxlanılma qaydaları da fakültədə tam fərqli şəkildə aparılır. Fakültənin kafedra müdirləri tərəfindən imtahan nəticələrinin qiymətləndirilməsi üçün xüsusi Nəzarət Komissiyası yaradılıb. İmtahan prossesi başa çatdıqdan sonra isə Komissiya üzvləri şifrələnmiş işlərin qiymətləndirilməsi işinə başlayır. Həmin prossesi biz də müşahidə etdik. Memarlıq fakültəsinin memarlıq ixtisasında təhsil alan 1-ci kurs tələbələrinin imtahan işlərinin yer aldığı otaqda Memarlığın əsəsları kafedrasının müəllimlərindən ibarət Nəzarət Komissiyası bir-bir işləri müşahidə edir, hazırlanan işlərə uyğun olaraq qiymətləndirmə aparırdılar.
      Daha sonra fakültənin digər ixtisası - dizayn ixtisasının imtahan prossesini izlədik. Tələbələr imtahan tapşırığı kimi sərgi pavilyonunun, sərgi stendlərinin, plakat və banerlərin, vitrinlərin qrafik dizayn həllini yerinə yetirirdilər. Dizayn kafedrasının müəllimlərindən ibarət olan Komissiya isə 164r qrup tələbələrinin Qrafik dizayn fənnindən imtahan işlərini yoxlayır və qiymətləndirirdilər.