Təmiz Şəhər Mərkəzində maarifləndirici seminar
2017-11-24 11:55:28
         Noyabrın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) nəzdində Təmiz Şəhər Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələri üçün maarifləndirici seminar keçirilib.
          Təmiz Şəhər ASC-nin Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev tərəfindən keçirilən seminarın mövzusu “Bərk məişət tullantılarının çeşidlənməsi və təkrar xammal bazarının inkişafı” olub. “Təmiz Şəhər” ASC-nin nəzdində Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun fəaliyyəti, tullantılarının çeşidlənməsi prosesi barədə məlumat verib. Təkrar xammal bazarının illər əvvəl lazımsız hesab edilən tullantı materiallarını yenidən iqtisadiyyata qazandırdığını deyib. Təkrar emal sənayesinin həm də tullantıların azaldılmasına, ekologiyanın qorunmasına müsbət təsir göstərdiyindən danışıb.  
        Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin müdiri  tərəfindən mövzu tələbələrə geniş prezentasiya ilə təqdim edilib. Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
     Seminarda, həmçinin Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin müəllimləri, Strateji planlaşdırma şöbəsinin əməkdaşı Zeynəb Paşayeva da iştirak edib.