Memarlıq fakültəsinin tələbəsinin sərgisi keçirilib
2017-10-10 01:31:19
      Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Sərgi Salonunda Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi Ülvi Rəsulzadənin ilk fərdi yaradıcılıq sərgisi açılıb. Sərgini giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova fakültənin keçən tədris ilində 10-a yaxın tələbəsinin sərgi salonunda əsərlərinin sərgiləndiyini, bu sərginin də fakültənin növbəti sərgilərdən biri olduğunu qeyd edib. Dekan gənc memarın ilk sərgisinin davamlı olacağına ümid edib, ona uğurlar arzu edib.
Digər çıxış edənlər Təsviri İncəsənət kafedrasının müdiri Elturan Avalov və Tədris şöbəsinin müdiri Sabir Məmmədov da gənc memara fəaliyyətində uğurlar arzu edib.
      Sonra sərginin rəmzi qırmızı lenti kəsilib, sənətsevərlər gənc memarın əsərləri ilə tanış olublar.
      Məlumat üçün bildirək ki, sərgi salonunda nümayiş olunan əsərlərin böyük əksəriyyəti gənc memarın qrafik janrda işlənmiş hiperrealizm, minimalizm üslubundakı əsərlər olub. Bundan əlavə neqativ üslubda işlənən rəsm əsərləri də gələn ziyarətçilər tərəfindən maraqla qarşılanıb.Tanınmış xarici və yerli məşhurların portretləri də sərgilənən əsərlər arasında diqqət cəlb edib.
      Sərgidə həmçinin, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Xatırladaq ki, gənc memarın əl işləri oktyabrın 20-dək sərgi salonunda nümayiş olunacaq.