AzMİU-nun laboratoriyalarında dərslər maraqlı keçir
2017-10-09 18:19:18
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müasir tələblərə cavab verən texnika və avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, tədris mərlkəzləri tələbələrimiz üçün geniş imkanlar yaradır. Onlar ixtisaslarına uyğun bilikləri nəzəriyyədə öyrənir, bu biliklərin təcrübədə tətbiq edilməsini universitetin laboratoriyalarında gerçəkləşdirirlər.
           2015-ci ildə Holcim şirkətinin AzMİU-da açdığı Yapışdırıcı materialların və betonların sınağı  laboratoriyası İnşaat-texnologiya fakültəsində təhsil alan tələbələr üçün ən böyük bazadır. Laboratoriyada yerləşdirilən müasir texnika sınaq işlərinin tam Avropa standartlarına uyğun şəkildə yerinə yetirilməsinə imkan verir. Laboratoriyanın müdiri, Yapışdırıcı materiallar və betonlar texnologiyası kafedrasının müəllimi Mahirə Ağazadə deyir ki, tələbələr laboratoriya dərslərinə xüsusi maraqla gəlirlər. “Nəzəriyyə dərslərində keçdikləri, yalnız adını bildikləri qurğuları, inşaat materiallarını, kimyəvi məhsulları burda əyani şəkildə görürlər. Eni zamanda bu qurğularda təcrübə, sınaq işləri aparırlar, nəzəriyyədə əldə etdikləri bilikləri genişləndirirlər. Biz onlara imkan veririk ki, bu dərslərdə özləri sərbəst şəkildə sınaq aparsınlar. Dərslərdə biz sement xəmirinin normal qatılığını, tikintidə istifadə olunan digər materialların tərkibini öyrənirik. Məsələn, bugünkü dərsdə biz İnşaat-texnologiya fakültəsinin 695 a qrupu ilə birgə Vika cihazının köməyi ilə sement xəmirinin normal qatılığını təyin etdik. Dərs çox maraqlı keçdi, uşaqlar həvəslə sınaq apardılar”.