Təhsil naziri Təhsil sərgisində AzMİU-nun stendiylə tanış olub
2017-10-08 00:29:17
          Xəbər verdiyimizi kimi, bu gündən Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçirilir. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgi 3 gün davam edəcək.
          Sərgidə respublikamızın nüfuzlu ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) də stendi nümayiş olunub. Stenddə ziyarətçilərə universitetin fakültələri, ixtisaslar, magistraturası, beynəlxalq əlaqələri, ikili diplom layihələri barədə broşüralar, bukletlər, şəkillər, təhsil müəssisələri üçün müasir avadanlıqlar geniş təqdim olunub. Stenddə eyni zamanda universitetin professor-müəllim heyətinin kitabları, dərs vəsaitləri nümayiş olunub. AzMİU-nun pavilyonunda quraşdırılmış monitorda Memarlıq fakültəsi tələbələrinin diplom işlərindən ibarət videoçarx da nümayiş olunub.
          Sərginin açılışında iştirak edən təhsil naziri Mikayıl Cabbarov AzMİU-nun stendiylə tanış olub, tələbələrlə söhbət edib, təqdim olunan yeniliklərlə maraqlanıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova nazirə universitetdə tədris olunan ixtisaslar, ikili diplom layihələri, beynəlxalq əlaqələriylə bağlı məlumat verib, Memarlıq fakültəsinin tələbələrinin diplom işlərini nümayiş etdirib. Monitordan memar tələbələrin diplom işləriylə tanış olan nazir proqramdan razı qalıb və tələbələrə uğurlar arzulayıb.