Bakıda XI beynəlxalq təhsil sərgisi açılıb
2017-10-06 16:49:58
      Oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub. Bu il sərgi çərçivəsində Azərbaycan, Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Macarıstan, Rusiya, Rumıniya və bir çox digər ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim ediblər. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə yanaşı, digər ali təhsil müəssisələri də yer alıb.
      Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov hər il Azərbaycanda beynəlxalq təhsil sərgisinin keçirilməsinin artıq ənənə halı aldığını  bildirib. O vurğulayıb ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub.
CEO-nun direktoru Edvard Stron bildirib ki, sərgidə xarici ölkələrin təhsil proqramları təqdim olunur. Bu, azərbaycanlı gənclərə xaricdə təhsil almaları üçün geniş imkanlar yaradacaq.
      Rəsmi hissədən sonra səhnəyə respublika və beynəlxalq müsabiqələrin qalibləri, laureatlar çıxıb öz bacarıqlarını nümayiş etdiriblər. Milli və digər xalqların rəqslərini ifa edən balacaların çıxışları alqışlarla qarşılanıb. Bu çıxışlardan sonra təhsil naziri sərgidə nümayiş olunan stendlərlə tanış olub, ali təhsil məktəblərinin təhsil imkanları ilə maraqlanıb.
      Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunub. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər barədə onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmaları öyrənmək imkanı qazanıblar. Məlumat üçün qeyd edək ki, təhsil sərgisi ilə paralel XI Beynəlxalq Karyera “Career 2017” sərgisi də start götürüb.