AzMİU-nun yataqxanasına 200-dən çox tələbə yerləşdiriləcək
2017-09-13 16:23:38
      Bütün zamanlarda universitet yataqxanası tələbələrin şəxsi keyfiyyətlərinin formalaşması, təlim-tərbiyyəsinin yüksəldilməsi, sosiallaşma baxımından mühüm rola malik olub. Bundan irəli gəlir ki Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yataqxana şəhərciyi də daim universitetin əhəmiyyətli strukturlarından biri kimi tələbələrinin təlim-tərbiyyəsində əhəmiyyətli rol oynamağı bacarıb. İlk yarandığı gündən universitet yataqxana korpusu ilə tələbələrini təmin edib və bu gündə təmin etməkdədir.
       Universitetin yataqxanası beş korpusdan ibarətdir. Digər universitet yataqxanalarında olduğu kimi universitetin yataqxanasının dörd korpusunda hazırda məcburi köçkünlər məskunlaşıb. Yalnız bir korpus tələbələrin ixtiyarındadır. Tələbələrin ixtiyarında olan korpusda isə universitet hər il 252 tələbəsini yerləşdirə bilir.
      Yeni tədris ilinin başlanması ilə AzMİU-ya daxil olan tələbələrin yataqxanaya olan tələbatın artmasını nəzərə alaraq, avqustun əvvəllərindən etibarən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) yeni qəbul olan tələbələrin yataxanaya qeydiyyatını həyata keçirir. Bununla bağlı artıq THİK tərəfindən yataqxana üçün müraciət edən tələbələrin müraciətlərinə baxılır. Hazırda AzMİU-nun THİK-nə 1000-ə yaxın tələbə müraciət edib. Onlar arasında birinci kurslarla yanaşı, yuxarı kurslar da var. Onu da qeyd edək ki, THİK-ə müraciət edən tələbələrdən daha çox maddi imkanı çox zəif, xüsusi imtiyazlara sahib olan şəhid ailələrinin övladları, validəyinlərindən biri və ya hər ikisi olmayan, valideyin himayəsindən məhrum olan tələbələrə üstünlük verilir və onlar yataqxanayla təmin olunurlar.