AzMİU Sorbonna Universitetinin Abu-Dabi filialı ilə birgə təlimlərə başlayıb
2017-09-11 15:29:18
Sentyabrın 11-də  Bakıda Boulevard oteldə Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) və Paris-Sorbonna Universiteti Abu-Dabinin  birgə təşkilatçılığı ilə “Universitet sistemində interaktiv təhsil” adlı treninqlərə start verilib.
        Açılış mərasimində Sarbonna Abu-Dabi təmsilçisi İmran Muxtarov məlumat verib ki, universitetlərin birgə təşkil etdiyi   treninq  4 gün davam edəcək. AzMİU-nun 80 müəlliminin iştirak edəcəyi treninqdə Sorbonna Universitetinin professoru Florent Pratlong mühazirə oxuyacaq.  Mühazirələrdə o, universitetdə müasir təlim metodlarının tətbiqi və idarəetmə yolları, tədris və təhsildə keyfiyyətə nəzarət, beynəlxalq təhsil qanunvericiliyi, universitetdə auditoriyanın idarəedilməsində kritik məqamlar, konfliktlər və nəzərə çarpaçaq inkişaf modelləri və s. məsələlərə toxunacaq. Fransalı professorla yanaşı, treniqdə respublikanın əməkdar psixoloqu  Həlimə Qəmərlinskaya da AzMİU-nun müəllimləri üçün mühazirə oxuyacaq.
        Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez ölkələrimiz arasında təhsil sahəsindəki əlaqələrdən danışıb. Azərbaycan və Fransanın ali təhsil ocaqlarının sıx əməkdaşlıq etdiyini vurğulayan səfir qeyd edib ki, bu əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərin genişlənməsinə də öz töhfəsini verir. O.Buşez AzMİU ilə Sorbonna Universiteti arasındakı əlaqələri yüksək qiymətləndirib, bu əməkdaşlıq əsasında keçirilən təlimlərin səmərəli olacağına ümidvarlığını bildirib.
         AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlığından bəhs edib. Rektor Azərbaycanın və Fransanın ali təhsil ocaqları arasındakı əlaqələrin böyük tarixi olduğunu bildirib, AzMİU ilə Fransanın Montpellier və digər universitetləri ilə sıx əməkdaşlığı barədə qonaqlara məlumat verib.  O qeyd edib ki, son zamanlar daha da genişlənən bu münasibətlər yeni mərhələyə qədəm qoyub. “Çalışırıq ki, təhsilimizin modernləşməsində, əməkdaşlarımızın elmi səviyyələrinin artırılmasında bu münasibətlərdən faydalanaq”. Rektor təlimin əhəmiyyətini vurğulayıb, onun universitetdə dərs deyən gənc müəllimlər üçün faydalı olacağına əminliyini ifadə edib.
         Tədbirin sonunda Azərbaycan və Fransa ali təhsil ocaqları arasında ikitərəfli münasibətlərin qurulmasına, bütövlükdə Azərbaycanda təhsilə verdiyi dəstəyə görə AzMİU-nun rektoru Fransanın səfirinə diplom təqdim edib, ona bu fəaliyyətini davam etdirməsində uğurlar arzulayıb.