Rektor Gülçöhrə Məmmədovanın tələbə adını yeni qazanmış gənclərə müraciəti
2017-09-07 12:26:10
Azərbaycan Memarlıq və İnşaat Universiteti yüksək ixtisaslı memar, inşaatçı mühəndislər və iqtisadçılar hazırlayan tanınmış elm və təhsil mərkəzidir. Biz yalnız bilik vermirik, eyni zamanda elmi axtarışlara hazır olan, dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəsti-xətti ilə seçilən mütəxəssislər yetişdirməyi qarşımıza məqsəd qoymuşuq.Elmin sürətlə inkişaf etdiyi, informasiya bolluğunun yarandığı bir dövrdə müasir biliklərə yiyələnmək və gələcəyin qurucularına onları çatdırmaq üçün professor-müəllim heyətimiz daim axtarışdadır.

Tələbələrimiz yalnız təhsil almır, eyni zamanda sevdikləri yaradıcı işlə məşğul olurlar. Bizsə, onlara öz bacarıqlarını realizə etmək üçün şərait yaradırıq. Beynəlxalq müsabiqələrdə, vorkşoplarda iştirak etməklə, tələbələrimizə özünə güvən hissini aşılayır, rəqabətə davam gətirməyin yollarını öyrədirik. Tələbələrimiz istər universitet daxilində zəruri texniki vasitələrlə təchiz olunmuş ixtisas laboratoriyalarında, istərsə də birbaşa inşaat meydançalarında iş prosesi ilə tanış olurlar.Bizim məqsədimiz müasir dünyagörüşlü, bilikli, özünə inanan, iradəli mütəxəssislər yetişdirməkdir. Əgər siz də bunlara nail olmaq istəyirsinizsə, Universitetimizə xoş gəlmisiniz! Memarlıq və inşaat sahəsində ən müasir təcrübəyə malik şirkətləri, tanınmış mütəxəssisləri universitetə cəlb edərək, tələbələrimizi onların təcrübəsilə tanış edirik. Tələbələrimizin gələcəkdə işlə təmin olunması üçün işə götürənlərlə görüşləri təşkil edərək, gənclərin təhsilə marağının artmasına, biliklə silahlanaraq gələcək həyatlarında inamla müstəqil addım atmalarına yardımçı olmağa çalışırıq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru,
professor, memarlıq doktoru, əməkdar memar
Gülçöhrə xanım Məmmədova