İnşaat-texnologiya fakültəsinin tələbələri Qazax Sement zavodunda istehsalat təcrübəsində
2017-07-18 16:23:56
         Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) partnyor olduğu şirkətlər, eləcə də əməkdaşlıq etdiyi yerli və beynəlxalq qurumlar vasitəsi ilə tələbələrə il boyu istehsalat təcrübəsi keçmək imkanı yaradır.  Bunun nəticəsidir ki, hər il universitetin tələbələri ölkəmizdə və xaricdə adlı-sanlı şirkətlərdə  istehsalat təcrübəsinə cəlb olunurlar. Bu il də universitet rəhbərliyinin səyi ilə tələbələr il boyu öyrəndikləri biliklərin istehsalatda daha da təkmilləşdirməsi imkanı əldə ediblər.
        Respublikamızın nüfuzlu Akkord Sənaye, Tikinti, İnvestisiya Korporasiyası ilə AzMİU arasında olan əməkdaşlıq müqaviləsinə əsasən, tələbələrimiz bu şirkətin istehsalat müəssisələrində, zavodlarında yay istehsalat təcrübələri keçirlər. Artıq universitetin İnşaat- texnologiya fakültəsinin üçüncü kurs tələbələri adıçəkilən şirkətin Qazaxda yerləşən Akkord Sement zavodunda istehsalat təcrübəsinə yollanıblar. Təcrübə müddəti bir ay çəkəcək, bu müddətdə tələbələrimizin praktik bilgiləri daha da təkmilləşəcək, onlar seçdikləri ixtisasın incəlikləri ilə bağlı məqamları əyani şəkildə görmək imkanı əldə edəcəklər.