AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli AzMİU məzunlarına diplomlar verib
2017-07-06 12:51:01
      Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 42-ci buraxılışın məzunlarını yola salıb. Bu il universiteti fərqlənmə diplomu ilə bitirən məzunlara Fəxri Fərmanlar, diplomlar təqdim olunub. AzMİU -da keçirilən Məzun Günündə qonaq qismində iştirak edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və  təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli əvvəlcə gəncləri təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
      “Ölkəmizin bilikli və bacarıqlı gənclərə daim ehtiyacı var, dövlətimiz də təhsil almaq, özünü inkişaf etdirmək üçün gənclərə hər cür qayğı göstərir. Mən bu gün sizin universitetə daxil olanda, pilləkanları qalxanda inandım ki, burda həqiqətən yüksək ixtisaslı, bu günki tələblərə cavab verən kadrlar hazırlanır, burda təhsilin səviyyəsi yüksəkdir. Mən əminəm ki, AzMİU məzunları gələcək karyeralarında da uğur qazanacaqlar, əmək bazarlarında da özlərinə layiqli yer tapacaqlar” deyən akademik gəncləri bitirdikləri universitetin adını daim ucaltmağa, ona layiq olmağa, Vətən və dövlət naminə əzmlə çalışmağa səsləyib.
      Sonra İsa Həbibbəyli “İlin ən yaxşı tələbəsi” adını qazanan məzunlara diplom verib, onlarla xatirə şəkli çəkdirib.