AzMİU-nun ST və MKS fakültəsində tələbə və magistrantların mükafatlandırılma mərasimi keçirilib
2017-06-19 11:52:14
      İyunun 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində universitetdə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan tələbə və magistrantların otuz doqquzuncu elmi konfransı və Ali riyaziyyat kafedrasının riyaziyyat fənni üzrə təşkil etdiyi olimpiyadada yer tutan tələbə və magistrantların mükafatlandırılma mərasimi keçirilib.
      Mükafatlandırma mərasimində çıxış edən ST və MKS fakültəsinin dekanı Zakir Musayev bu il keçirilən elmi konfransda universitet üzrə fakültənin tələbə və magistrantlarının əldə etdikləri mükafat sayı ilə digər fakültələri üstələdiyini və birinci yerə layiq görüldüyü qeyd edib. Dekan universitetdə Ali riyaziyyat kafedrası tərəfindən keçirilən fənn olimpiyadasından söz açaraq istedadlı gənclərin riyazi qabiliyyətlərini üzə çıxartmaq məqsədi daşıyan olimpiadanın keçirilməsinin əhəmiyyətindən danışıb və Ali riyaziyyat kafedrasının müdiri Fuad Lətifova öz təşəkkürünü bildirib, olimpiyadanın gələcəkdə də keçirilməsinin vacibliyinə diqqət çəkib. Z. Musayev mükafatlandırılan tələbə və magistrantları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
      AzMİU Tələbə Elmi Cəmiyyətin sədri Mustafa Əliyev çıxış edərək elmi konfransda fakültənin tələbə və magistrantlarının aktiv iştirak etməsini təqdirə layiq hal kimi qiymətləndirib, onlara gələcəkdə keçirilən konfranslarda da fəallıq göstərməyə səsləyib və uğurlar arzulayıb. Sonra TEC sədri tərəfindən konfransda I, II, III yerləri tutan tələbələrə birinci, ikinci, üçüncü dərəcəli sertifikatlar təqdim olunub.
      Ali riyaziyyat kafedrasının müdiri F.Lətifov çıxış edərək riyaziyyat fənni üzrə keçirilən olimpiyadada 29 tələbənin iştirak etdiyini və iştirak edən tələbələr arasında 6 tələbənin mükafatlandırıldığı bildirib. Daha sonra F.Lətifov kafedra və müəllimlərin adından mükafata layiq görülən tələbələri təbrik edib və ardınca kafedra müdiri tərəfindən olimpiyadada I, II, III yerləri tutan tələbələrə diplom və hədiyyələr təqdim edilib.