AzMİU-nun müəllimləri Portuqaliyada elmi məzuniyyətdə olublar
2017-06-05 17:53:45
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasının dosenti Samirə Əkbərova və “Mexanika” kafedrasının assistenti Reyhan Əkbərli Tempus Rethinke İkili diplom proqramı çərçivəsində Portuqaliyanın Leiria şəhərində elmi–tədris məzuniyyətində olublar. Müəllimlərimiz Leiria Politexnik İnstitutunun Mülki mühəndislik fakültəsinin professor və magistrları ilə görüşlər keçiriblər.
             5 gün davam edən ezamiyyət çərçivəsində onlar Leiria Politexnik İnstitutunun müxtəlif tədris binalarının Mülki mühəndislik ixtisası üzrə 8 elmi-tədris və Ekologiya mühəndisliyi üzrə 14 elmi-tədris laboratoriyasında olublar, yerli  müəllimlərin mühazirələrində iştirak ediblər. Müəllimlərimiz Leiria Politexnik İnstitutunun tədris sistemi, fəaliyyət istiqamətləri və müəllim heyəti ilə yaxından tanış olublar.
             S.Əkbərova “Enerji effektivli binalar ekoloji təsirlərin azaldılması amili kimi”, R.Əkbərli “Dəmir-beton konstruksiyalarda zəlzələdən sonrakı dağılmanın analizi” mövzularında mühazirələr oxuyublar və universitetimiz  haqqında qısa metrajlı tanıtım filmi nümayiş etdiriblər. Müəllimlərimizin təqdim etdikləri məlumatlar maraqla qarşılanıb və onlar Leiria Politexnik İnstitutunun rəhbərliyinin tərəfindən sertifikatla qiymətləndiriliblər.