AzMİU-nun Elmi Şurasının iclası keçirilib
2017-05-31 16:41:47
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının iclası keçirilib. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova iclasın gündəliyində olan məsələlər barədə şura üzvlərinə məlumat verib.
          Rektor gündəlikdə duran ilk məsələnin Meliorasiya və su təsərrüfatı kafedrasının müdiri Yaşar Qəhrəmanlının 75 illik yubileyinə həsr olunduğunu deyib. Yubilyarın ömür yoluna nəzər salan G.Məmmədova bildirib ki, 1977-ci ildən AzMİU-da çalışan Y.Qəhrəmanlı universitetin sayılıb seçilən müəllimlərindən, dəyərli ziyalılarındandır. Çoxsaylı elmi əsərlərin, məqalə və kitabların müəllifi olan alim respublikanın əməkdar müəllimidir, Təhsil Nazirliyinin, eləcə də dövlət əhəmiyyətli mükafatların sahibidir. Elmi Şuranın üzvləri adından yubilyarı təbrik edən rektor ona can sağlığı, işlərində uğurlar diləyib.
          Gündəlikdə olan ikinci məsələ barədə AzMİU-nun elm və texnika üzrə prorektoru, professor Arif Şərifov məlumat verib. O, 2016-cı ildə universitetdə aparılan elmi-tədqiqat işləri, gənc tədqiqatçıların, doktorant və dissertanların elmi fəaliyyəti, eləcə də kafedralarda elmi istiqamətlərdə aparılan işlər və s. məsələlərlə bağlı geniş hesabat təqdim edib. Prorektor əhatəli çıxışında bildirib ki, 2016-cı ildə universitetdə 5 beynəlxalq, 6 respublika statuslu konfrans, 1 elmi seminar keçirilib. Cari ildə 495 məqalə, 15 monoqrafiya, 36 dərslik, 32 dərs vəsaiti, 72 proqram, 10 patent işıq üzü görüb, doktorantura proqramı üzrə 16, dissertantura üzrə 11, elmlər doktoru proqramı üzrə 2 nəfər təhsil alır.
          Universitetin tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımov tələbə təşkilatlarının fəaliyyətinə həsr olunmuş hesabatla çıxış edib. Qeyd edib ki, universitetdə təlim-tərbiyə işlərinə həmişə xüsusi diqqət yetirilir, bu istiqamətdə tələbə təşkilatları ilə birgə illik tədbirlər planı hazırlanır, il ərzində təqvimin xüsusi günlərində müxtəlif tədbirlər, görüşlər keçirilir. Prorektor onu da vurğulayıb ki, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi, gənclərin vətənpərvər ruhda yetişməsi üçün üçün tanınmış ziyalılarla, şair və yazçılarla görüşlər keçirilir, tələbələr ekskursiyalara aparılır, ölkəmizin tarixi məkanlarını tanıtmaq məqsədi ilə bölgələrə turlar təşkil olunur.
          İclasın sonunda Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev 2016-cı ildə ildə gördüyü işlərin hesabatını təqdim edib.