AzMİU-nun rektoru imtahanqabağı tələbələrlə görüşüb
2017-05-31 12:00:05
      Mayın 30-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova imtahanqabağı tələbələrlə görüş keçirib.
      AzMİU-nun rektoru mütəmadi olaraq keçirilən bu görüşlərdə əsas məqsədin tələbələrlə imtahanqabağı fikir mübadiləsi aparmaq, onların təklif və fikirlərini dinləmək olduğunu bildirib. Tələbələr üçün sağlam mühitin yaradıldığını söyləyən rektor bildirib ki, universitet rəhbərliyinin məqsədi imtahanların obyektiv, aşkar və şəffaf keçirilməsinə nail olmaqdır. Dekan və müəllimlərin iştirak etmədiyi görüşdə rektor tələbələri fəal olmağa, şikayətlərini təklif və açıq söyləməyə səsləyib.
      G.Məmmədova onu da qeyd edib ki, universitet rəhbərliyi hər zaman haqsızlıqla qarşılaşan tələbələrin arxasındadır, semestr imtahanlarının obyektiv keçirilməsini təmin etmək və imtahan dövründə xoşagəlməz halların qarşısını almaq onun əsas işidir. Tələbə-müəllim münasibətlərinə toxunan rektor deyib ki, dərsin keyfiyyətini artırmaq, müasir tələblərə uyğun kadr hazırlığını təmin etmək, savadlı, bacarıqlı, dünyagörüşlü mütəxəssislər yetişdirmək üçün müəllimlər kreativ olmalı, dərs prosesini düzgün, maraqlı qurmalı, tədris prosesində yeni texnologiyalardan istifadə etməyi bacarmalıdır.
      AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov çıxışında tələbələrin verdiyi suallara aydınlıq gətirib, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edildiyini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunduğunu, daxil olan şikayətlərin qısa müddətdə araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün lazimi tədbirlər həyata keçirildiyini vurğulayıb.
      Tələbələrlə görüşdə rektor tələbələri maraqlandıran bütün sualları ətraflı cavablandırıb, tələbələrin ayrı-ayrılıqda şikayət və təkliflərini dinləyib. O, söylənən problemlərin universitet rəhbərliyi tərəfindən yerindəcə həll edilib dərhal aradan qaldırılması üçün müvafiq qurumlara tapşırıqlar verib.