AzMİU-da “Gobustone” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri” mövzusuna həsr olunmuş elmi-praktik konfrans keçirilib
2017-05-26 17:58:47
     Mayın 26-da  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat fakültəsi, Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrası və “Synergy Group” MMC-nin birgə təşkilatçılığı  ilə  “Gobustone” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
    Konfrans iştirakçıları öncə ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək xatirəsini yad edib, büstü qarşısına əklil qoyublar. Sonra tədbir öz işini universitetin konfrans zalında davam etdirib.
    AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov çıxış edərək konfransın plenar iclasını açıq elan edib. Prorektor konfransda müzakirə  olunacaq mövzunun aktuallığını, birbaşa istehsalatla bağlı olduğunu və “Synergy Group” şirkəti ilə artıq 3-cü dəfə keçirilən belə bir konfransın əhəmiyyətindən söz açıb. Məsaməli beton blokların uzun illər dünya praktikasında istifadəsini, ölkəmizdə tətbiqinin isə son 5-10 ili əhatə etdiyini, ona görə də bu istiqamətdə çoxlu sayda elmi tətqiqat işlərinin aparılmasının zəruri olduğunu vurğulayıb. Həmçinin, tikinti istehsalatında istifadə olunan müasir texnologiyalı materialların təşkilati-texnoloji problemlərinin öyrənilməsində, tədrisə tədbiq edilməsində konfransda müzakirə olunacaq məsələlərin çox böyük əhəmiyyəti olacağını qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
        İnşaat fakültəsinin dekanı, texnika elmləri  üzrə fəlsəfə doktoru Hikmət Məmmədov konfransla bağlı fikirlərini bölüşərək, dünyada müasir tikinti istehsalatının texnologiyaları üçün inşaat konstruksiyalarından, materiallarından geniş istifadə olunduğunu bildirib və beynəlxalq aləmdə inşaatın idərə olunması məsələsinin önəmli yer tutduğunu diqqətə çatdırıb.
    “Gobustone” məsaməli beton blokların istehsalçısı “Synergy Group” MMC-nin icraçı direktorunun müavini Tahir Məmmədov öncə konfrans iştirakçılarını salamlayıb, çalışdığı şirkət barədə ətraflı məlumat verərək fəaliyyət istiqamətləri barədə danışıb. Qoyulan mövzunun vacibliyini bir daha diqqətə çatdıran T.Məmmədov istehsalçısı olduqları məhsulun konfransın mövzusu olaraq seçilməsi təşəbbüsünü yüksək qiymətləndirib.
    Konfransda məruzə ilə çıxış edən Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Sahib Fərzəliyev “Gobustone” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri” və  İnşaat-texnologiya fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Tahirə Haqverdiyeva “Gobustone” məsaməli beton bloklarının istifadəsinin perspektivləri” mövzularında çıxış edərək  məsaməli beton bloklarının müsbət xüsusiyyətindən, istehsalatda istifadəsinin təşkilati-texnoloji problemlərindən,  məsaməli beton blokları ilə inşa edilən binalarda tamamlama və bəzək işlərinin yerinə yetirilməsində bir sıra problemlərin mövcudluğundan və inkişaf perspektivlərindən söz açıblar.  Məruzəçilər problemi yaradan səbəblər və ondan çıxış yolları haqqında konfrans iştirakçılarına ətraflı məlumat veriblər.
         Konfransda elm, təhsil müəssisələri, tikinti şirkətlərinin nümayəndələri də iştirak ediblər.
      Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının sualları cavablandırılıb.
    Daha sonra konfrans öz işini 2 bölmədə davam etdirib. Bölmələrdə 54 məruzə dinlənilib.