AzMİU-nun nümayəndələri “Nizami” layihəsi çərçivəsində növbəti dördüncü görüşdə iştirak ediblər
2017-05-25 19:03:06
16-19 may tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elm və texnika işləri üzrə prorektoru Arif Şərifov, Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev Naxçıvan Dövlət Universitetində Avropa Birliyinin Erasmus + KA2 “Azərbaycanda doktorantura təhsilinin avropa ali təhsil sistemi tələblərinə uyğunlaşdırılması xətti ilə yenidən qurulması və inkişaf etdirilməsi – Nizami” layihəsi çərçivəsində keçirilən dördüncü görüşdə iştirak ediblər. Görüşdə “Nizami” layihəsinin fəaliyyət planı, Azərbaycanda doktorantura təhsilinin gələcək modelinin yaradılması, bu təhsil üzrə Milli İdarəetmə Portalının hazırlanması, ali təhsil standartlarının müəyyənləşdirilməsi, professional biliklərin inkişafı, beynəlxalq əməkdaşlığın qurulması, şəbəkələşmə və keyfiyyət məsələləri ətrafında qızğın müzakirələr aparılıb. Üç gün davam edən görüşün sonuncu günü AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev çıxış edərək 8-ci iş planı- Əlaqə və Təşviqat haqqında auditoriyaya ətraflı məlumat verib. Layihə çərçivəsində keçirilən dördüncü görüş, intensiv və səmərəli keçib. Qeyd edək ki, layihə 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb, 2018-ci ildə isə yekunlaşdırılması nəzərdə tutulub. Məlumat üçün bildirək ki, layihənin ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir.