Sərgi salonunda Rauf İbadovun fərdi yaradıcılıq sərgisi açılıb
2017-05-18 17:59:19
      Mayın 18-də AzMİU-nun Sərgi salonunda İnşaat-texnologiya fakültəsinin IV kurs tələbəsi Rauf İbadovun fərdi yaradıcılıq sərgisi açılıb.
      Universitetin İnşaat-texnologiya fakültəsinin (İTF) dekanı Tahirə Haqverdiyeva çıxış edərək bu gün açılan sərgini İTF-nin böyük uğuru kimi qiymətləndirib.
      AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək sərgi salonunda nümayiş olunan rəsm əsərləri arasında fakültənin digər tələbələrinin də əl işlərini görmək istədiyini bildirib, tələbələrə daxillərində olan istedadı üzə çıxarmağı tövsiyə edib. Rektor və digər çıxış edənlər gənc rəssama gələcək həyatında uğurlar arzu ediblər.
      Daha sonra sərginin rəmzi qırmızı lenti kəsilib, sənətsevərlər gənc rəssamın əl işləri ilə tanış olublar.
      R. İbadovun sərgidə nümayiş olunan rəsmlərinin böyük əksəriyyətini ağ-qara rəsmlər təşkil edib, rəsmlər karandaş və qələmlə işlənilib. Əl işləri arasında tanınmış məşhurların portret və karikaturası, 3D rəsmlər yer alıb ki, bu da sərgi iştirakçıları tərəfindən marağa səbəb olub.
      Sərgidə AMEA-nın Əlyazmalar İnstitutunun rəssamı Fəxrəddin Əli universitetin fakültə, kafedra və ictimai təşkilatlarının nümayəndələri, tələbələr də iştirak ediblər.
      Məlumat üçün bildirək ki, bu istedadlı rəssamın geniş auditoriyaya təqdim etdiyi ilk sərgisidir. Sərgi mayın 30 -dək davam edəcək.