Universitet rəhbərliyi AzMİU-nun futbol üzrə yığma komandası ilə görüşüb
2017-05-17 15:59:09
      Mayın 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) konfrans zalında AzMİU-nun futbol üzrə yığma komandası ilə universitet rəhbərliyinin görüşü keçirilib.
      Görüşü giriş sözü ilə universitetin rektoru, professor Gülçöhrə Məmmədova açaraq tədbir iştirakçılarını salamlayıb, son günlərdə ali məktəblərdə keçirilən turnir və yarışlarda AzMİU-nun yığma komandasının qazandığı uğurlardan söhbət açıb. Rektor komandaya idmanla yanaşı, keçirilən dərslərdə fəal olmağı, elmin sirlərinə dərindən yiyələnməyi tövsiyə edib.
      G. Məmmədova çıxışında I kurs tələbələrini idmana cəlb etməyin vacib olduğunu, hətta tələbələrin asudə vaxtlarını idmanın maraqlı növlərinə həsr etməyinin əhəmiyyətindən danışıb.
      Daha sonra çıxış edənlərdən İdman klubunun müəllimləri Mustafa Talışinski və Mehrab Məmmədov öncə universitetdə idmana göstərilən diqqət və qayğıdan danışıblar. Müəllimlər AzMİU-nun yığma komandasının qazandığı uğurlardan söz açaraq, Azərbaycan Tələbə Futbol Federasiyasının İctimai Birliyinin (ATFF İB), Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sahə Futbol Federasiyasının dəstəyi ilə 2016 -2017-ci illərdə futbol üzrə ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin 30 komandası arasında keçirilən yarışda AzMİU-nun yığma komandasının III yer tutduğunu diqqətə çatdırıblar. Onlar AzMİU-nun yığma komandasının aprel ayında Türkmənistan səfirliyinin dəvəti ilə futzal üzrə sağlamlıq və xoşbəxtlik devizi altında keçirilən yarışlara qatıldığını, I yer tutaraq diplom və kubokla mükafatlandırıldıqlarını qeyd ediblər. Həmçinin, AzMİU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş fakültələrarası futzal yarışında universitetin bir çox fakültəsinin təmsil olunduğunu və yarışda “İdman korpusu” komandasının I yer tutduğunu bildiriblər.
      Universitetin tərbiyə işləri üzrə prorektoru Tofiq Qasımov komanda üzvlərinə qazandığı uğurlardan arxayınlaşmamağı məsləhət görüb, gələcək yarışlarda daha parlaq qələbələr qazanmağı arzulayıb.
      Xatırladaq ki, AzMİU-nun futbol üzrə milli komandasının yarışlarda qazandığı kubok və medallar universitetin muzeyinə təqdim olunub.