AzMİU-nun Sərgi salonunda İnşaat Kolleci tələbələrinin əl işləri nümayiş olunub
2017-05-11 01:25:48
Mayın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi salonunda AzMİU-nun nəzdində İnşaat Kollecinin dizayn fakültəsinin tələbələrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş  “Harmonik dizayn” adlı əl işlərindən ibarət sərgisi açılıb.
      Sərginin açılış mərasimində çıxış edən  İnşaat Kollecinin direktoru  Namiq Ağamalıyev sərginin xoş bir günə - ulu öndərin doğum gününə təsadüf etdiyini qeyd edib. O, bildirib ki, hər il hesabat xarakterli tələbələrin əl işləri AzMİU-nun sərgi salonunda nümayiş olunur, bu da növbəti ənənəvi sərgilərdən biridir. Direktor, həmçinin məlumat verib ki, sərgidə kollec tələbələrinin100-ə yaxın əl işi yer alıb.
     Daha sonra çıxış edənlər hər il keçirilən bu sərginin ənənəviliyinə diqqət çəkərək, kollecin rəhbərliyinə, müəllim-tələbələrə öz təşəkkürlərini bildiriblər.
    Kollecin direktoru sərginin qırmızı lentini kəsib, sənətsevərlər  kollec tələbələrinin  əl işləri ilə tanış olublar.
     Sərgidə kollec tələbələrinin maraqlı əl işləri ilə yanaşı, müxtəlif üslublarda çəkilmiş rəsmlər də nümayiş olunub. Nümayiş olunan işlər arasında  ev interyerini bəzəyən dekorativ tablolar  üstünlük təşkil edib. Eyni zamanda tələbələrin  batika, qrafika, string art, barilyef, qobelen , dekorativ-tətbiqi sənətin vitraj, mozaika,  ev interyerlərinin  maket nümunələri, materiallar üzərində işlər, həmçinin yağlı boya, pastel janrında olan rəsmlər də yer alıb.
    Tələbələrin əl işlərinin yer aldığı əsərlər arasında  Heydər Əliyevin portreti xüsusiylə seçilib və sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
   Sərgidə, həmçinin universitetin ictimai təşkilatlarının nümayəndələri,  kollecin müəllim və tələbələr də iştirak ediblər.
   Xatırladaq ki, sərgi mayın 16-dək davam edəcək.