AzMİU-nun tələbələri Heydər Əliyev Mərkəzində olub
2017-05-10 13:22:46
      Mayın 9-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində AzMİU THİK-nin sədr müavini Şahmar Rəfili və universitetin bir qrup fəal tələbəsinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
     Mərkəzin əməkdaşları tələbələrə Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verərək bildiriblər ki, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Kompleks müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, ulu öndərin irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium, muzey, sərgi, ekspozisiya və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği işində sistemli fəaliyyət göstərir.
     Daha sonra tələbələr Heydər Əliyev Muzeyində 1969-cu ildən 2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Ekskursiyada, həmçinin tələbələr ulu öndər Heydər Əliyevə aid maraqlı faktlar, foto, videomateriallar və digər nümayiş olunan unikal eksponatlarla tanış olublar.
     Heydər Əliyev Muzeyi, sərgi zalları ilə tanış olduqdan sonra AzMİU-nun tələbələri birgə xatirə şəkli çəkdirib, Mərkəzindən xoş təəssüratlarla ayrılıblar.