AzMİU-da tələbə və magistrantların XXXIX elmi konfransı keçirilib
2017-05-10 11:23:35
      Mayın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tələbə və magistrantların XXXIX elmi konfransı keçirilib.
      Tədbiri giriş sözü ilə universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov açaraq konfrans nümayəndələrini salamlayıb. O, tələbə və magistrantların XXXIX elmi konfransının ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edildiyini söyləyib. Prorektor Ümummilli lider Heydər Əliyevin öz siyasətində gənclərə qayğı və diqqət göstərdiyini, bütün sahələrdə onların inkişafına şərait yaratdığını qeyd edib.
      Prorektor, həmçinin çıxışında ali məktəb elmində, habelə elmi nailiyyətlərin qazanılmasında tələbə elmi cəmiyyətlərin rolundan, AzMİU Tələbə Elmi Cəmiyyətinin fəaliyyət göstərdiyi gündən keçən dövr ərzində əldə etdiyi uğurları diqqətə çatdırıb, həmçinin tələbə və magistrantların elmi işlərə cəlb edilməsinin vacibliyini vurğulayıb. Daha sonra A.Şərifov konfransın işinə uğurlar arzulayıb.
      Konfransda məruzə ilə çıxış edən Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti Asif Kəngərli “Su və onun möcüzələri” mövzusunda məruzəsində dünya xalqlarının, müdrik dahilərin suya verdiyi dəyər, suyun kimyəvi və struktur tərkibi, sudan qənaətlə istifadə edilməsi, su mənbələrinin çirklənmədən qorunması, suyun insan həyatına təsir gücü barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
      Memarlıq fakültəsinin magistrantı Leyla Xəlilzadə “Körpü memarlığında bədii formanın təkamülü” mövzusunda məruzə ilə çıxış edərək maneələr üzərində keçidi təmin etmək üçün salınan körpülər, bu körpülərin memarlıq quruluşları, müasir körpü memarlığında heykəltaraşlıq nümunələrindən söz açıb. AzMİU-nun magistrantı Roma, Çin,Yaponiya, Avstraliya, Kanada, Amerika və Malayziyada tikilən metal, taxta və digər materiallardan hazırlanan körpülər ətrafında konfrans iştirakçılarını məlumatlandırıb.
      Plenar iclasda çıxış edən Tələbə Elmi Cəmiyyətinin sədri Mustafa Əliyev konfransın işinə uğurlar arzu edib. O, qeyd edib ki, konfrans günün ikinci yarısından öz işini 19 bölmədə davam etdirəcək və konfrans iki gün davam edəcək, bölmə iclaslarında 500-dən artıq elmi məruzə dinləniləcək.