AzMİU-nun nümayəndələri Cəlal Bəyar Universitetində keçirilən konqresdə iştirak ediblər
2017-05-05 12:49:24
Türkiyənin Cəlal Bəyar Universitetinin rektorunun dəvət məktubuna əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ümumi işlər üzrə prorektoru Taleh Qələndərli, Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov, Tikinti-iqtisad fakültəsinin dekanı, dosent Rahad Qəribov bu günlərdə Manisada yerləşən universitetdə keçirilən “İqtisadiyyat, siyasət və toplum: Dəyişən fırsatlar və təhdidlər” konqresində iştirak ediblər.
Suleyman Dəmirəl Mədəniyyət Mərkəzində keçirilən konqresdə açılış məruzəsi ilə çıxış edən Cəlal Bəyar Universitetinin rektoru prof.Dr. Kemal Çelebi qeyd edib ki, bu Forumun keçirilməsi təhsil, elm, istehsalat əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətlərində universitetlərdə qazanılmış təcrübələrin mübadilə edilməsində xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, o,  sayca 4-cü olan bu Forumda AzMİU-nun iştirakından məmnun olduğunu bildirib, növbəti tədbirlərdən birinin Bakıda təşkil olunmasını arzulayıb.
AzMİU-nun ümumi işlər üzrə prorektoru Taleh Qələndərli universitetin rektoru, professor Gülçöhrə Məmmədovanın konqres iştirakçılarına təbriklərini və xoş arzularını çatdırıb.  
Konqresin proqramına müvafiq olaraq təşkil olunmuş paneldə professor Məhəbbət Məmmədov “Azərbaycanın enerji resurslarının nəqlinin müasir vəziyyəti və inkişaf perspektivləri –TANAP və TAP-in Avropanın enerji təhlükəsizliyində rolu” mövzusunda təqdimat ilə çıxış edib. O, məruzəsində ulu öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” barədə forum iştirakçılarına ətraflı məlumat verib. Professor Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti haqqında qeyd olunan layihələr haqqında da geniş təqdimat edib.
Tikinti-iqtisad fakültəsinin dekanı Rahad Qəribov da Cəlal Bəyar Universitetinin mühəndislik ixtisasları üzrə bakalavr, magistr pilləsində təhsil alan tələbələr, bu sahədə elmi-araşdırmalar və dərs aparan professorlar, universitetin TexnoParkının mütəxəssisləri və eyni zamanda Sakarya Universitetinin əməkdaşlarının iştirakı ilə genişləndirilmiş seminarda maraqlı məruzə edib. R.Qəribovun məruzəsi, orada qoyulan məsələlər və onların həlli istiqamətində irəli sürülən ideyalar mütəxəssislər tərəfindən  dəyərləndirilib və maraqlı müzakirələr aparılıb.
 Konqresin sonunda Cəlal Bəyar Universitetinin rektoru AzMİU-nun nümayəndələrinə universitetin sertifikatını təqdim edib. Onu da qeyd edək ki, konqresdə AzMİU ilə yanaşı, Sakariya Universiteti və Makedoniya Uluslararası Vizion Universitetinin təmsilçiləri də iştirak ediblər.