Yasamal məktəbliləri ilə görüş keçirilib
2017-04-21 18:14:49
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Yasamal rayonunda yerləşən 13, 53, 225, 158 və 21 saylı orta məktəblərin X-XI sinif şagirdləri ilə görüşüblər.  AzMİU-ya abituriyentlərin marağının artırılması, ixtisas seçimində universitetin fakültələrinə üstünlük verilməsi, aparılan islahatlar və yeniliklərin çatdırılması məqsədi daşıyan görüş şagirdlərin marağına səbəb olub.
         Görüşdə AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov, fakültə dekanları, müəllimlər iştirak edib. İnşaat texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva ali məktəblərə hazırlaşan abiturientlərə AzMİU-nun tarixindən danışıb, ixtisaslar, təhsil sistemi, tədris, universitetin ictimai həyatı barədə məlumat verib. AzMİU-ya həsr olunmuş tanıtım filmi nümayiş olunub. Çıxış edən digər dekanlar – Hikmət Məmmədov, Zakir Musayev, Elçin Yusifzadə təmsil etdikləri fakültələr, universitetin beynəlxalq əlaqələri, mübadilə proqramlarında iştirak, tələbə mübadiləsi, ikili proqramlar haqqında da danışıblar. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov universitetdə tələbələr üçün hərtərəfli şərait yaradıldığı, rəhbərlik səviyyəsində hər zaman tələbələrin bütün təşəbbüs və layihələrinin dəstəkləndiyini vurğulayıb.
         Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb, onlara bukletlər paylanıb.