AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
2017-04-21 17:58:48
Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib. Konfransda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin nümayəndəsi, universitetin tələbələri və fakültə həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
         Yığıncağı giriş sözü ilə açan AzMİU THİK-nin sədri Bayram Aslanov vətəndaş cəmiyyətinin inkişafında, ictimai münasibətlərdə sivil, demokratik prinsiplərin əsas meyara çevrilməsində tələbə həmkarlar ittifaqlarının rolunun  böyük olduğunu vurğulayıb. O, hesabat məruzəsi ilə çıxış edib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən, tələbələrin qurumun işindəki rolundan, tələbələrin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün görülən işlərdən danışıb.
        THİK Nəzarət-Təftiş Komissiyasının sədri Ruslan Novruzov isə maliyyə hesabatı ilə çıxış edib. Çıxış edənlərdən Ülvi Verdiyev və Rafael Şıxməmmədov təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər, fikir və təkliflərini söyləyərək təşkilata uğurlar arzulayıblar.
         Yığıncaqda THİK-nin yeni tərkibinə baxılıb, səsvermə keçirilib, sədrliyə namizədliyi irəli sürülən Bayram Aslanovun və Komitənin 29 üzvünün namizədliyi  təsdiq edilib. Səsvermənin nəticələrinə görə, B.Aslanov Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
          AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov komitənin fəaliyyətini yüksək qiymətləndirib, yeni seçilən tərkibə çətin və məsuliyyətli işlərində uğurlar arzu edib.