MİT fakültəsinin nümayəndələri Şağan qəsəbəsinin məktəbliləri ilə görüşüblər
2017-04-20 21:02:52
          Aprelin 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin nümayəndələri və fəal tələbələri Şağan qəsəbəsi 124 saylı orta məktəbin X-XI sinif şagirdləri ilə görüş keçiriblər.
         Tədbirdə çıxış edən Şağan qəsəbəsi 124 saylı orta məktəbin direktoru AzMİU-nun nümayəndələrini məktəblərində görməkdən məmnunluğunu ifadə edib.
          Fakültənin dekan əvəzi Telman Aslanov rəhbərlik etdiyi fakültə, ixtisaslar barədə şagirdlərə ətraflı məlumat verib. Universitetin maddi-texniki bazasından danışan dekan vurğulayıb ki, dərslərin keyfiyyətini artırmaq, tələbələrin dərslərdə aktiv iştirakını təmin etmək üçün fakültədə hər cür vasitə və şərait var.
          İnformasiya texnologiyaları  və  sistemləri kafedrasının dosenti Aydın Kazımzadə kafedrada tədris olunan fənlərdən, tədrisdə tətbiq olunan yeni texnologiyalardan danışıb, tələbələrin diqqətini fakültədə tədris edilən ixtisasların respublikamız üçün əhəmiyyətinə yönəldib.
           Dekan müavini Nəsibə Əmirbəyova AzMİU ilə yaxından tanış olmaq, bütün deyilənləri əyani görmək üçün şagirdləri şənbə günü saat 12-də universitetdə keçirilən “Açıq qapı” gününə dəvət edib.
          Görüşün sonunda fakültəyə dair videoçarx təqdim olunub, maraqlanan şagirdlərə fakültənin videoçarxı olan disk də təqdim olunub, onların sualları cavablandırılıb.