AzMİU tələbələrinə Heydər Əliyevin xatirəsinə həsr olunmuş yazı müsdabiqəsiylə bağlı məlumat verilib
2017-04-18 17:35:00
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professoru Rəna Mirzəzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ilə görüş keçirilib. Tələbələrə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və YAP qadınlar şurasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan  “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçiriləcək yazı müsabiqəsi barədə məlumat verilib.
          AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbiri açaraq bildirib ki, ulu öndər Heydər Əliyev  hakimiyyətdə olduğu dövrdə qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində qadınlara üstünlük verilməsi və digər məsələlər əhəmiyyətli yer tutub. Ümumilli lider həmişə qadınlara xüsusi diqqət və qayğıyla yanaşıb, onların rolunu yüksək qiymətləndirib, qadınlarla bağlı problemləri diqqət mərkəzində saxlayıb, bu gün də onun siyasətini İlham Əliyev layiqli şəkildə davam etdirir. Ulu öndərin zəngin irsinin məhz bu istiqamətdə böyük araşdırmalara, tədqiqatlara ehtiyacı olduğunu vurğulayan rektor Heydər Əliyevin xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin keçirilməsini alqışlayıb. O, tələbələrin bu müsabiqədə fəal iştirak edəcəyinə ümidvar olduğunu, dəyərli və maraqlı işlərin ortaya çıxacağını qeyd edib.  
          Millət vəkili Məlahət İbrahimqızı tarixə nəzər salaraq Azərbaycan qadınlarının bütün dönəmlərdə cəmiyyətin aparıcı qüvvəsi olduğunu, dövlət siyasətində qadınların fəaliyyətinə qiymət verildiyini, Heydər Əliyevin hakimiyyəti illərində bu məsələlərin daha da aktual olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, hakimiyyətinin hər iki dövründə ulu öndər qadının rolunu yüksək qiymətləndirib, şəxsi nümunəsində bunu təsdiqləyib. Qadınlarla bağlı dövlət tədbirlərinin keçirilməsinin məhz Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf etdiyini deyən millət vəkili dövlət postlarında qadınların irəli çəkilməsiylə bağlı faktlar sadalayıb.
          AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professoru Rəna Mirzəzadə yazı müsabiqəsiylə bağlı tələbələrə geniş məlumat və istiqamət verib, onlara uğurlar arzulayıb.
           Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı  müsabiqədə iştirak etmək istəyən tələbələrə məqalələri və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) aprelin 30-na qədər meqalemusabiqe@gmail.com elektron ünvanına göndərməyi tövsiyə edib.   O bildirib ki, müsabiqəyə təqdim olunacaq məqalələr arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır, məqalələr azərbaycan və rus dillərində yazıla bilər. Komitə rəsmisi müsabiqə qaliblərinin pul mükafatı ilə təltif olunacaqlarını da vurğulayıb.
          Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.