10 aprel İnşaatçılar Günü münasibəti ilə bizi təbrik edirlər
2017-04-17 18:06:36
10 aprel İnşaatçılar Günü münasibəti ilə universitetimizin rektoru, professor Gülçöhrə Məmmədovanın ünvanına təbrik məktubları gəlməkdə davam edir.
          “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasovun göndərdiyi təbrik məktubunda deyilir: “Çox hörmətli Gülçöhrə xanım, Sizi İnşaatçılar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularımızı çatdırmaq istərdik. Rəhbərlik etdiyiniz ali təhsil ocağında yetişdirilən mütəxəssislər yeni binalar və qurğuların yaranmasında birbaşa iştirak edirlər və bu tikililərin keyfiyyəti və möhkəmliyi birbaşa onların peşəkarlıq dərəcəsindən asılı olduğu üçün nəticə etibarilə onlar vətəndaşların rahatlıq və təhlükəsizliyinin təminatçısıdırlar”. 
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun təbrik məktubu bu sözlərlə başlayır: “Hörmətli Gülçöhrə xanım, 10 aprel İnşaatçılar günü münasibəti ilə Sizi və Azərbaycan Memarlıq və İnşaat Universitetində yetişdirdiyiniz gələcəyin inşaatçılarını səmimi qəlbdən təbrik edirəm. Zəngin tarixə malik Azərbaycan inşaatı və memarlığı Şərqlə Qərbin gözəl və nadir nümunələrini özündə birləşdirir. Xüsusilə paytaxt Bakı qədim abidələri və müasir nəhəng tikililəri ilə dünyada tanınır. Ölkənin infrastrukturunun durmadan inkişafı, onun böyük tikinti-quruculuq və abadlıq meydanına çevrilməsi göz qabağındadır. Görülən işlərdə AzMİU-nun, bu təhsil ocağının yetişdirdiyi mütəxəssislərin böyük payı vardır. Sizə Azərbaycan inşaatının və memarlığının inkişafı üçün gördüyünüz işlərdə uğurlarınızın davamını arzulayır, bir daha şəxsən Sizi və rektoru olduğunuz təhsil ocağının tələbələrini peşə bayramı münasibəti ilə təbrik edirəm”.
“Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirovda AzMİU-nun rektorunun adına ünvanladığı təbrik məktubunda Azərbaycanda aparılan quruculuq və abadlıq işlərinin geniş vüsət alması, müasir inşaat layihələrində tarixi ənənələrin uğurla davam etdirilməsində AzMİU-nun yetişdirdiyi dünyada rəqabətə davam gətirə bilən, müstəqil fikirli, öz dəsti-xətti ilə seçilən mütəxəssislərinin rolu olduğu vurğulanır. “Hörmətli Gülçöhrə xanım! Sizi, eləcə də Azərbaycanın görkəmli təhsil ocaqlarından biri olan AzMİU-nun bütün professor, müəllim və tələbə kollektivini 10 aprel İnşaatçılar Günü münasibəti ilə ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirəm!”