Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb
2017-04-13 18:32:34
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi 12-20 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin əhaliyə daha dolğun çatdırılması məqsədilə birgə silsilə təbliğat-təşviqat tədbirləri həyata keçirir. Növbəti belə tədbir aprelin 13-də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.
          Universitet rəhbərliyinin, tələbələrin və könüllülərin iştirak etdiyi mərasimi giriş sözü ilə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev açaraq bildirib ki, AzMİU rektoru Gülçöhrə Məmmədova ilə görüşündə xanım rektor İslam Həmrəyliyi Oyunlarında fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında onun rektoru olduğu ali məktəbin tələbələrinin iştirakından məmnun olduğunu söyləyib.
          İslam Həmrəyliyi Oyunlarının mahiyyətindən danışan İ.Vəliyevin sözlərinə görə, bu oyunlar təkcə islam ölkələrinin deyil, başqa dinlərin, müxtəlif inancların, fərqli xalqların həmrəyliyinə xidmət edir. Vəliyev bütün gəncləri təmsil etdikləri ölkənin imicini yüksəkdə tutmağa, sülhün carçısı olduğumuzu göstərmək üçün səylə çalışmağa, bu işdə Bilik Fondunun dəstəyinə güvənməyə çağırıb.
          İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. O, bu tədbirin tək Azərbaycanın, azərbaycanlıların deyil, İslam dünyası ölkələrinin, həmçinin başqa dinlərin daşıyıcılarının həmrəyliyinə, İslam dini haqqında yaranmış yanlış fikirlərin aradan qalxacağına böyük təkan olacağını vurğulayıb.           K.Nurullayeva İslam Həmrəyliyi Oyunlarına cəlb olunan idman növləri, idmançıların təmsil etdikləri ölkələr, keçiriləcəyi məkanlar, Əməliyyat Komitəsinin iş prinsipi haqqında məlumat verərək bildirib ki, yarışlarda 57 islam ölkəsinin idmançıları iştirak edəcək ki, bu da bütün islam ölkələrinin əhatə olunduğunu göstərir. Əməliyyat Komitəsinin direktoru 23 növ idman üzrə keçiriləcək oyunlara 3 mindən artıq idmançının qatılacağını, yarışların 17 obyektdə olacağını deyib.
          Oyunlarda könüllülərin iştirakı mərhələsinin vacib olduğunu diqqətə çatdıran K.Nurullayeva könüllülük hərəkatının formalaşmasında Birinci Avropa Oyunlarının məktəb olduğunu deyib.
          Tədbirdə çıxış edən AzMİU-nun prorektoru Tofiq Qasımov İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat xarakterli görüşün həm də onun təmsil etdiyi universitetdə keçirildiyinə görə, təşkilatçı olan hər iki quruma minnətdarlığını bildirib.
          Sonda İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanan video-çarx nümayiş olunub.