AzMİU-nun 100-cü sərgisi
2017-04-12 17:09:02
      Aprelin 12-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sərgi salonunda Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbəsi Xuraman İbadullayevanın fərdi yaradıcılıq sərgisi açılıb. Sərgini giriş sözü ilə açan Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova bütün iştirakçıları salamlayıb və sərgini açıq elan edib.
      X. İbadullayeva sərgidə iştirak edən AzMİU-nun rektoru, professor  Gülçöhrə Məmmədovaya və tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Gənc dizayner G.Məmmədovanı doğum günü münasibəti ilə təbrik edib, ona güldəstəsi bağışlayıb.
      AzMİU-nun rektoru X.İbadullayevaya yaradıcılığında və təhsilində uğurlar arzu edib. G.Məmmədovanın çıxışından sonra sərginin qırmızı lenti kəsilib, tədbir iştirakçıları gənc dizaynerin əsərləri ilə tanış olublar.
      X.İbadullayevanın pastel, yağlıboya, karandaş, qələmlə çəkdiyi rəsmlərdən ibarət əl işləri nümayiş olunub. Sərgidə əsasən, natürmort, şəhər mənzərəsi janrında çəkilmiş rəngbərəng, müxtəlif güllər, Şirvanşahlar sarayı, Qız qalası, İçərişəhər, şüşə üzərində gül, binalar, insan təsvirləri yer alan vitraj rəsmləri yer alıb. Eyni zamanda buta elementlərindən istifadə etməklə insan siluetləri təsvirləri də sərgidə ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
      Sərgidə universitetin fakültə, kafedra və ictimai təşkilatlarının nümayəndələri, tələbələr iştirak ediblər.
      Onu da qeyd edək ki, bu sərgi universitetin Sərgi salonunda nümayiş olunan 100-cü sərgidir. Xatırladaq ki, sərgi aprelin 21-dək davam edəcək.