Gürcüstanın Qafqaz Universitetinin rektoru AzMİU-da olub
2017-03-17 17:01:25
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Gürcüstanın Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetler Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə görüşüb. Görüşdə AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Rafiq Camalov iştirak edib.
          Rektor qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi, onun fəaliyyət istiqamətləri, fakültələri, həyata keçirilən islahatlar, layihələr və beynəlxalq əlaqələr, universitetin nəzdində olan kollec və lisey barədə ətraflı məlumat verib. O, qonaqlara bildirib ki, AzMİU Azərbaycanda memarlıq və inşaat sahəsində mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır.
         Qafqaz Universitetinin rektoru Kaxa Şengeliya səmimi görüşdən məmnun qaldığını bildirib, Beynəlxalq Universitetler Assosiasiyası barədə məlumat verib. O bildirib ki, dünyanın 200-dən çox qabaqcıl və nüfuzlu universitetinin üzv olduğu Beynəlxalq Universitetler Assosiasiyası 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının yanında yaradılıb. Assosiasiyanın əsas mərkəzləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Kaxa Şengeliya AzMİU-nun rektorunu  Beynəlxalq Universitetler Assosiasiyasının 5-8 iyul 2017-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək toplantısına dəvət edib. 
            Görüşdə ali təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, intellektual resurslardan səmərəli istifadə və gələcəkdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.