Bakı marafonu-2017-nin icraçıları AzMİU-nun tələbələri ilə görüşüblər
2017-03-16 15:57:53
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu-2017-nin təşkilatçıları bu gün AzMİU-nun tələbələri ilə görüşüblər. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tədbiri açaraq bildirib ki, marafonun məqsədi idmanın inkişafına dəstək vermək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir. O qeyd edib ki, ötən il 7000-dən çox iştirakçının qatıldığı marafona AzMİU-nun 94 tələbəsi qoşulmuşdu. Bu il qaliblər arasında tələbəmizin olacağına ümidvar olduğunu vurğulayan sədr tələbələrə uğurlar arzulayıb.
              Tədbirin moderatoru Samir Cabbarov Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq marafon aprelin 30-da Bakı şəhərində keçiriləcək. Təşkilatçılar tərəfindən birinci yerin qalibi 3 min, ikinci yerin qalibi 2 min, üçüncü yerin qalibi isə min manat məbləğində mükafat və hədiyyələrlə təltif olunacaq. Eyni zamanda bu il 3 yerdən başqa, finişə onlardan sonra çatanlar da (10-cu yerə qədər) marafonun tərəfdaşları - Azər Türk Bank, Türk Hava Yolları tərəfindən hədiyyələr qazanacaqlar.
         Bakı Marafonu - 2017 Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Ötən marafondan fərqli olaraq, builki yarışda hər 2 kilometrdən bir yardım məntəqələri quraşdırılacaq, bu məntəqələrdə tibbi yardım nöqtəsi, su, sanitar qovşağı fəaliyyət göstəriləcək.