Novruz bayramınız mübarək!
2017-03-15 21:49:50
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər toplusunda Novruz bayramı özünəməxsus yer tutur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan bu bayram insanlar arasında birliyin və mehribanlığın rəmzi, insanların bir-birinə mərhəmət, diqqət və qayğının göstəricisidir.  
          Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. “Novruz”- hərfi mənada yeni gün deməkdir. Novruzun gəlişi ilə həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, gecə ilə gündüz bərabərləşir və yeni həyat başlayır.  Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır.
          Keçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulub.   Bəzi dönəmlərdə Novruz bayramının qeyd edilməsi qadağan olunsa da, öz soykökünə bağlı olan xalqımız adət-ənənələrini heç vaxt unutmayıb, gizli olsa da, bayramını keçirib, yeni ilin gəlişini qeyd edib. Dövlət müstəqilliyimizin bərpasından sonra isə Novruz bayramı ölkəmizdə geniş şəkildə dövlət bayramı kimi qeyd olunub.
           Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq , YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, qədim bayramımızı günümüzədək layiqincə qoruyub saxlamaq xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.
              Əziz professor-müəllim heyəti, sevimli tələbələrimiz, əməkdaşlarımız!
         Bu əziz bayram ərəfəsində universitetimizin rektorluğu adından sizin simanızda bütün xalqımızı təbrik edir, hamıya xoşbəxtlik, firavanlıq, səadət arzu edirik. Yeni həyat gətirən, qəlbləri sevindirən, ətrafı gözəlləşdirən, təbiəti oyadan, bayramların ən seviləni olan Novruz bayramınız mübarək olsun!