AzMIU-da payız semestrinin imtahan sessiyası başladı
2017-01-06 13:20:07
Azərbaycan Memarlıq və İnşaat Universitetində bakalavriat və magistratura səviyyələrində 2016-17-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.  İmtahan sessiyası ilə əlaqədar AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova dekabrın 30-da 671/ t-d saylı əmr imzalayıb. Əmrə əsasən, imtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı, test üsulu ilə və qabiliyyət tələb edən fənlər üzrə ənənəvi qaydada universitetdə təşkil olunmuş imtahan zallarında keçiriləcək. Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə rektorun əmriylə universitetin müəllimlərindən, əməkdaşlarından ibarət  işçi qrup formalaşdırılıb. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMIU-nun rəhbər və məsul şəxslərindən, Həmkarlar Təşkilatının rəhbərindən, universitetdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatlarının nümayəndələrindən ibarət  Qərargah yaradılıb və qərargah rəhbərinə ora daxil olan hər bir şikayətin operativ həll olunması tapşırılıb.  Birbaşa rektorun özünün səsdrliyi ilə yaradılmış Münaqişə komissiyasında imtahanların nəticələri barədə şikayətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq. 
Eyni zamanda rektorun əmrinə görə, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılacaq, universitetin internet səhifəsində, “İnşaatçı kadrlar” qəzetində imtahan sessiyası prosesi mütəmadi işıqlandırılacaq.