AzMİU-nun Elmi Şurasının cari ildə son iclası keçirilib
2019-07-12 15:17:09
           Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının 2018-2019-cu tədris ilində son iclası keçirilib.
          AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Elmi Şuranın üzvlərini salamlayıb, Şuranın son iclasının gündəliyində duran məsələlərlə onları tanış edib. 
          İlk olaraq Universitetin tədris işləri üzrə prorektoru Akif Qasımovun cari ilin yaz semestrinin imtahan sessiyasınının ilkin nəticələri barədə olan hesabatı dinlənilib.  Prorektor yaz imtahan sessiyasının, buraxılış işləri və diplom müdafiələrinin nəticələri barədə şura üzvlərini məlumatlandırıb. 
          O, hesabatında bildirib ki, 2018-2019-cu tədris ilinin yaz semestrının ilk günündən etibarən tədris prosesinin təşkili və həyata keçirilməsinə cavabdeh olan bütün qurumlar vaxtında fəaliyyətə başlayıb.  Təhsil Nazirliyinin mövcud əsasnamələrini və universitet rektorunun tənzimləyici əmirlərini rəhbər tutaraq hazırlıq işləri vaxtında yerinə yetirilib. AzMİU-da keyfiyyətin yüksəldilməsi istiqamətində  semestr  ərzində görülən işlər yaz imtahan sessiyasının nəticələrinə də öz təsirini göstərib.  Prorektor qeyd edib ki, Universitetdə yaz imtahan sessiyası müvəffəqiyyətlə başa çatıb, yaz semestr imtahanları buraxılış kursunu əhatə etməklə may-iyun aylarında keçirilib. 
        I-III kursları əhatə etməklə yazılı imtahanlarda 148 fənn üzrə 10341, test imtahanlarında isə 169 fənn üzrə 19766 tələbə imtahan verib. Magistatura səviyyəsi üzrə isə I kurslarda yazılı imtahanlarda 72 fənn üzrə 762 magistrant imtahanlarda iştirak edib.  Memarlıq fakültəsində 19 fənn üzrə xüsusi qabiliyyət tələb olunun fənlərdən fakültədə imtahan götürülüb. Yazılı imtahanlarda əlavə vasitələrdən istifadə etdiyinə görə 165, test imtahanlarından isə 25 tələbə imtahanlardan kənarlaşdırılıb.  Bakalavr və magistatura səviyyəsində imtahanlar vaxtında başlayıb gecikmələr olmayıb.  İmtahanlar obyektiv, şəffaf və sakit şəraitdə keçirilib. Qiyabi qruplarda imtahanlar mərkəzləşdirilmiş test üsulu ilə aparılıb. Münaqişə Komissiyasında qiymətindən narazı olan tələbələrin ərizələrinə özlərinin, dekan və fənn müəllimlərinin iştirakı ilə də komissiyada obyektiv şəkildə baxılıb.  
          A.Qasımov çıxışında, həmçinin AzMİU-nun bakalavr, magistratura səviyyəsi, eləcə də AzMİU-nun nəzdində İnşaat Kolleci üzrə müvəffəqiyyət və keyfiyyət göstəriciləri öz əksini tapıb. Prorektorun hesabatı  müzakirələrə səbəb olub, fikir mübadiləsi aparılıb, maraqlı fikirlər səslənib, təkliflər irəli sürülüb.
         Prorektorun çıxışından sonra Yeni Azərbaycan Partiyası Yasamal rayonu, 43 saylı ərazi ilk partiya təşkilatının sədri, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müdiri Asəf Ağayevin cari ildə Elmi Şuranın vəzifələrinin yerinə yetirilməsi,  Magistratura şöbəsinin müdiri Rövşən Səmədovun magistratura  səviyyəsi üzrə bir sıra proqramların təsdiq olunması barədə çıxışlarının dinlənilməsi ilə davam edib. 
         Elmi Şura üzvlərinin fəal iştirakı və faydalı fikir mübadiləsi şəraitində cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Bununla da Elmi Şuranın iclası başa çatıb.