AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsinə Akkord şirkəti maliyyə dəstəyi göstərəcək
2019-07-10 13:46:28
         Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini  xaricdə alacaqlar. İnşaat müəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər. 
         Adıçəkilən Avropa universitetləri ilə AzMİU arasında inşaat mühəndisliyi və ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində gerçəkləşən bu layihəyə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası (STİK) ASC maliyyə dəstəyi göstərəcək. Belə ki, təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri Akkord şirkəti tərəfindən ödəniləcək.  
        Bu məqsədlə iyulun 10-da AzMİU-da sözügedən universitetlərdə təhsil alacaq tələbələrlə, Akkord şirkəti və AzMİU arasında üçtərəfli müqavilə imzalanıb. İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Akkord STİK ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyəti, magistr tələbələr iştirak edib. 
         AzMİU-nun rektoru Gülçöhrə Məmmədova  universitet ilə Akkord şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələrimizin uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini qeyd edib. Rektor əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib, şirkətin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Mütəxəssis hazırlığında digər iri şirkətlərin də belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb. O, çıxışının sonunda magist tələbələrə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.
        Akkord şirkətinin nümayəndəsi A.Məmmədov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışarkən bildirib ki, şirkət xarici layihələrin işlənib hazırlanmasında dil bilikləri ilə yanaşı, tikinti sahəsini yaxşı bilən yüksək bilik və bacarıqlı kadr potensialına ehtiyac duyur. “Şirkətimiz ümumi işimiz üçün bu sahədə lazım olan savadlı mütəxəssislərin hazırlanmasında maraqlıdır. Ötən ildə də biz 3 tələbənizin xaricdə təhsil almasına maddi dəstək verdik, şirkət olaraq bu fəaliyyətimizi sonrakı illərdə də davam etdirəcəyik”.   
         Tədbirdə iştirak edən tələbələr, onların valideynləri yaradılan imkana görə Akkord şirkətinə və universitetin rəhbərliyinə təşəkkürlərini bildirib, göstərilən etimadı doğruldacaqlarını deyiblər. 
        Çıxışlardan sonra  professor G.Məmmədova, A.Məmmədov və sözügedən universitetdə təhsil alacaq tələbələr arasında üçtərəfli fərdi müqavilə imzalanıb.