AzMİU-nun nümayəndə heyəti Türkiyədə işgüzar səfərdə olub
2019-06-25 14:25:50
     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin dəvəti ilə 17-21 iyun aralığında Türkiyə Respublikasında səfərdə olublar. Səfərin əsas məqsədi Sakarya Böyük Şəhər Bələdiyyəsinin və Sakarya Universitetinin ev sahibliyi ilə təşkil olunmuş türk dünyası mühəndislik və memarlıq  universitetlərinin Zirvə toplantısında iştirak etmək idi. Toplantıya türk dünyasını təmsil edən on dörd ölkədən ali təhsil müəssisələrinin rektorları, təhsil işçiləri, mühəndislər, memarlar və beynəlxalq ictimai təşkilatların üzvləri  qatılıblar. 
     AzMİU-nu bu tətbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova, Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdirü Tağı Əhmədov, həmən kafedranın baş müəllimi Rövşən Sədiyev, İnşaat konstruksiyaları kafedrasının müdirü Muxlis Hacıyev və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliyə Əliyeva təmsil edib. Qeyd olunan toplantıda müştərək şəhərsalma mədəniyyətinin inkişaf etdirilməsi forumu da keçirilib. Sakarya Universitetində keçirilən forumda, AzMİU-nun kafedra müdirü T.Əhmədov ortaq türk dilində mühəndislik və memarlıq universitetlərində təhsilin təşkili və ümumiləşdirilmiş normativ sənədlərin hazırlanması mövzusunda çıxış edib. Toplantı çərçivəsində bir çox universitet və təşkilatlarla AzMİU-nun əməkdaşlıq perspektivləri istiqamətində fikir mübadiləsi aparılıb. 
     Zirvə toplantısının proqramına uyğun olaraq İstanbulda və digər bölgələrdə, son dövrlərdə tikilmiş və ya tikilməkdə olan meqa layihələrə texniki gəzintilər təşkil olunub. Bu gəzintilər zamanı bir çox süni qurğuların idarə etmə mərkəzləri də ziyarət edilib və gələn qonaqlar üçün layihələrin təqdimatı keçirilib. AzMİU-nun rektoru Gülçöhrə Məmmədova Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin adından  Şimali Mərmərə Maqistral Yolu İdarə Heyətinin sədri Ahmet Hulki Tuncerəyə ilin ən yaxşı inşaat və idarəetmə şirkəti olaraq diplom təqdim edib. Yeni tikilən İstanbul Hava Limanı, Yavuz Sultan Selim körpüsü, Camlıca məscidi, Şimali Mərmərə Maqistral Yolu və hazırda tikilməkdə olan Çanakkale–1915 asma körpüsü qonaqlarda xoş təəssürat oyadıb.